“Samsung” bir ayda planşet bazarındakı payının 37,4 %-ni itirib
- 03 aprel, 2024
- 06:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ay Azərbaycanın planşet bazarında “Samsung”un payı 32,07 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin mart hesabatına istinadən verdiyi məlumata görə, bu, fevral ayına nisbətən 19,2 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 24 faiz bəndi azdır. Bununla da şirkət mart ayı ərzində planşet bazarındakı payının 37,4 %-ni itirib.
İkinci pillədə qərarlaşan tanınmayan brendin bazar payı müvafiq olaraq 22 faiz bəndi və 20 faiz bəndi artaraq 26,42 % olub.
Üçüncü pillədəki “Apple”ın bazar payı müvafiq olaraq 8,97 faiz bəndi və 1,13 faiz bəndi azalaraq 24,13 %-ə enib.
Növbəti yerdə 8,64 %-lik bazar payı ilə “General Mobile” qərarlaşıb. Adıçəkilən brend ötən aydan bazara daxil olub.
İlk beşliyi 5,3 %-lik bazar payı ilə “Xiaomi” qapayır. Onun bazar payı ötən aya nisbətən 2,02 faiz bəndi azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,98 faiz bəndi artıb.