“Samsung” Azərbaycanın mobil cihaz bazarındakı payını itirməkdə davam edir
- 05 oktyabr, 2024
- 13:04
Bu ilin sentyabr ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 28,18 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin sentyabr hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 1,09 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 3,03 faiz bəndi azdır. Şirkətin bazar payı ardıcıl olaraq üçüncü aydır azalmaqda davam edir.
İkinci pillədəki “Xiaomi”nin bazar payı müvafiq olaraq 0,33 faiz bəndi və 0,05 faiz bəndi artaraq 22,78 % olub.
Növbəti sıradakı adları açıqlanmayan brendlərin payı müvafiq olaraq 1,19 faiz bəndi azalaraq və 3,5 faiz bəndi artaraq 21,58 % olub.
Dördüncü pillədə qərarlaşan “Apple”ın bazar payı müvafiq olaraq 0,82 faiz bəndi artaraq və 4,42 faiz bəndi azalaraq 17,88 % təşkil edib.
İlk beşliyi 3,93 % bazar payı ilə “Honor” qapayır. Şirkətin bazar payı əvvəlki aya nisbətən 0,64 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 2,75 faiz bəndi artıb.