Kosmik uçuşların artırılması yeni tədqiqatların aparılması üçün imkan yaradır, ona görə də kosmosa uçan astronavtlar geri qayıtdıqdan sonra öz təcrübələri və topladığı məlumatları ilə bölüşməlidirlər.
"Report" xəbər verir ki, bunu keçmiş astronavt və Ştutqart Universitetinin professoru Reinhold İvald (Reinhold Ewald) Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində astronavtlarla görüşdə deyib.
“Bu gün bəzi astronavtlar sub-orbital uçuşlar həyata keçirirlər. Əgər biz kosmosda yaşamaq istəyiriksə mütləq orbitə çıxmalıyıq. Burada biz müxtəlif eksperimentlər aparırıq və orada yaşam tərzinə uyğunlaşırıq. Nəticədə Aya uçuşa hazırlaşırıq”, - R. İvald bildirib.
Rusiyalı astronavt Sergey Krikalev isə çıxışında bildirib ki, bu gün gənclərin komsosa marağını araşdırmaq lazımdır:
“Çox xoş bir haldır ki, mən astronavt olaraq kosmosa uçmaq və gündə 16 dəfə yerin ətrafında uçmaq şansım olub. Bu sahənin inkişafı üçün insanların, gənclərin fikirlərini almaq vacibdir. Biz ölkəmizdə bununla bağlı onlarının mövqeyini öyrənirik. İstəyirik ki, Beynəlxaq Astronavtika Federasiyası da bizə bu istiqamətdə dəstək versin”.