Rasim Əliquliyev: "Azərbaycan ötən il kompüter elmləri üzrə Cənubi Qafqazda lider olub"

Rasim Əliquliyev: "Azərbaycan ötən il kompüter elmləri üzrə Cənubi Qafqazda lider olub" "2021-ci ilin nəticələrinə görə, Azərbaycan ötən il kompüter elmləri sahəsində Cənubi Qafqaz ölkələri arasında birinci yerdə qərarlaşıb".
İKT
3 Fevral , 2022 17:26
Rasim Əliquliyev: Azərbaycan ötən il kompüter elmləri üzrə Cənubi Qafqazda lider olub
Rasim Əliquliyev

"2021-ci ilin nəticələrinə görə, Azərbaycan ötən il kompüter elmləri sahəsində Cənubi Qafqaz ölkələri arasında birinci yerdə qərarlaşıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev bildirib.

O, bu barədə dahi azərbaycanlı alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə və elmi irsinə həsr olunmuş 8-ci Ümumdünya Soft Computing Konfransının (8th World Conference On Soft Computing) onlayn formatda keçirilən açılış mərasimində danışıb.

R.Əliquliyev həmçinin bildirib ki, Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi dünya elm tarixinə inqilabi nailiyyət kimi daxil olub: "Prezident İlham Əliyev ötən il yanvarın 25-də L.Zadənin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, AMEA Təhsil Nazirliyi ilə birlikdə görkəmli elm xadiminin 100 illik yubileyinə dair fəaliyyət planı hazırlayıb".

Konfransın həmin fəaliyyət planı çərçivəsində təşkil olunduğunu vurğulayan R.Əliquliyev bu tədbirin L.Zadə yaradıcılığının, onun bəşəri ideyalarının təbliğinə töhfələr verəcəyinə, müvafiq sahədə əldə olunmuş elmi nailiyyətlərin təqdim olunması üçün mühüm platforma rolunu oynayacağına əminliyini bildirib. Xalqımızın adını daim uca tutduğu, qürur hissi keçirdiyi görkəmli elm fədaisi olan L.Zadənin 100 illik yubileyinə həsr olunmuş konfransın əhəmiyyətini önə çəkən akademik Azərbaycanın belə bir tədbiri keçirməyə mənəvi haqqının çatdığını, Zadənin bir azərbaycanlı kimi hər zaman vətənə bağlı olduğunu nəzərə çatdırıb. Alim dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələrin əldə edildiyini, ölkəmizdə süni intellekt, IV Sənaye inqilabı və dünyanın qlobal çağırışlarını, milli və strateji maraqları özündə ehtiva edən elmi-nəzəri, innovativ tədqiqatların aparıldığını nəzərə çatdırıb. Azərbaycan alimlərinin dünyada gedən proseslərdə fəal iştirak edərək elm qarşısında dayanan qlobal problemlərin həllinə yönələn çağırışlara qoşulduqlarını vurğulayıb.

“Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir. Ölkəmiz bir çox elmi qurumları və ali məktəblərində qeyri-səlis məntiq, soft computing, süni intellekt və digər prioritet istiqamətlərdə araşdırmaların aparılır, mühüm nəticələrin əldə edilib. Pandemiya şəraitinə baxmayaraq həm Azərbaycan, həm də dünyanın müxtəlif ölkələrindən olan aparıcı alimləri bir araya gətirən bu tədbir Zadə ideyalarının yayılmasına təkan verməklə yanaşı, elmi əməkdaşlıq üçün yeni imkanlar açacaq”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi