Qazaxıstan təmsilçiləri Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edəcəklər.
“Report” xəbər verir ki, bunu bu gün "Nazirlər və parlament üzvləri üçün 13-cü Beynəlxalq IAF (Beynəlxalq Astronavtika Konqresi) iclasından sonra keçirilən mətbuat konfransında Beynəlxalq Astronavtika Federasiyasının (IAF) prezidentinin müşaviri Dominique Tilmans deyib.
O, qeyd edib ki, nazirlərin və parlamentarilərin Bakıda keçirilən görüşündə qonşu ölkələrdən daha çox qonaq gələcəyini gözləyirdi.
D.Tilmansın sözlərinə görə, onların bəziləri oktyabrın 2-də Azərbaycana gələcək:
“Bakıda keçirilən görüş çox maraqlı və əhəmiyyətli oldu. İstərdik, Azərbaycanın yerləşdiyi regionda olan qonşu Qazaxıstan kimi dövlətlərdən rəsmilər də iştirak etsin. Amma onlar təəssüf ki, bu tədbirə qatılmadı. Bildirdilər ki, sabah yəni Beynəlxalq Astronavtika Konqresinin ilk günündə Bakıya gələcəklər. Onları bu tədbirdə də görməkdən məmnun olardıq”.