Bakı. 1 dekabr. REPORT.AZ/ "Biz fəxr edirik ki, Əfqanıstan “ASAN Xidmət”in təcrübəsindən yararlanan dövlətlərdən olacaq".
"Report"un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də sənədlərin imzalanması mərasimindən sonra Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
"Ölkələrimiz arasındakı diplomatik münasibətlərin tarixinə nəzər salsaq, hazırda əməkdaşlığımız ən yüksək səviyyədədir. Biz yaxşı tərəfdaş və dostuq. Dediyim kimi, biz cənab Prezidentlə mütəmadi qaydada görüşürük və bu, Prezident Əşrəf Qaninin Azərbaycana üçüncü səfəridir. Bunun özü bizim tərəfdaşlığımızın nə dərəcədə yüksək olmasının göstəricisidir. Bizim gözəl siyasi əlaqələrimiz var. Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun həll edilməsi məsələsində Əfqanıstanın ədalətli mövqeyinə görə minnətdarıq. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyir. Biz Qətiyyətli Dəstək Missiyasının iştirakçısıyıq. Biz multimodal tranzit və hava məkanımızdan istifadəni təmin edirik. Qərar qəbul etmişik ki, Əfqanıstanda xidmət aparan hərbçilərimizin sayını artıraq və bununla da Əfqanıstanda sabitlik, sülh və inkişafa töhfə verək", - dövlət başçısı deyib.
Prezident İlham Əliyev vurğulayıb ki, sabitlik yalnız iqtisadi və sosial inkişaf yolu ilə təmin oluna bilər: "Tamamilə aydındır ki, sabitlik yalnız iqtisadi və sosial inkişaf yolu ilə təmin oluna bilər. Həmin səbəbdən müzakirə etdiyimiz mövzular arasında hər zaman iqtisadi xarakterli məsələlər var. Burada biz böyük potensial görürük. Bu gün biz ikitərəfli iqtisadi əməkdaşlığa dair çox vacib məsələləri müzakirə etdik. Müzakirə olunan məsələlər onu göstərir ki, gündəliyimiz olduqca genişdir. Bu gün imzalanan sazişlər də bizə imkan verəcək ki, məqsədlərimizə uğurla nail olaq. Biz iqtisadi əməkdaşlıq və islahatlarla bağlı bütün məsələlərin müzakirəsi üçün birgə işçi qrup yaradacağıq".
"Biz fəxr edirik ki, Əfqanıstan “ASAN Xidmət”in təcrübəsindən yararlanan dövlətlərdən olacaq. “ASAN Xidmət” Azərbaycanda dövlət xidmətləri sahəsində həqiqətən inqilab etdi. Əhali arasında bu qurumun bəyənilmə reytinqi 98 faiz, yəni, 100 faizə yaxındır və bu qurum doğrudan da dövlət xidmətləri sahəsində böyük dəyişikliklər etdi. Çox şadıq ki, biz bu xidmətləri əfqan qardaşlarımız üçün təmin edəcəyik. Azərbaycan müstəqillik dövründə bir sistemdən digərinə - planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçdi. Ölkəmiz xaos, dağıntı, tənəzzül və 1000 faizlik inflyasiyadan inkişaf, tərəqqi və firavanlığa, işsizliyin və yoxsulluğun aşağı səviyyədə olduğu bir vəziyyətə keçid etdi. Hesab edirəm ki, bizim bu təcrübəmiz əfqan qardaşlarımız üçün maraqlı ola bilər", - dövlət başçısı qeyd edib.