Pakistan şirkəti Azərbaycanın İT məhsullarının ixrac yollarını açıqlayıb
- 12 oktyabr, 2022
- 06:40
ABŞ-a, Avropaya, Sinqapura İT məhsullarını ixrac edən Pakistan şirkəti “DewCrew” Azərbaycanda fəaliyyət göstərmək istəyir və ölkə bazarını araşdırır.
Bunu “Report”a şirkətin həmtəsisçilərindən biri olan Həsən Rafique deyib.
Onun sözlərinə görə, şirkətin nümayəndələri sentyabrın 29-u tarixində Azərbaycanda keçirilən Texnologiya Forumunda iştirak ediblər və onun çərçivəsində bir sıra ikitərəfli görüşlər keçiriblər: “Hesab edirəm ki, Azərbaycan şirkətləri yerli şirkətlərə işləməyə üstünlük verirlər. Ona görə də biz Azərbaycan bazarına daxil olaraq fəaliyyət göstərmək istəyirik. Biz Azərbaycanın İT bazarını araşdırırıq, necə əməkdaşlıq edə biləcəyimizin imkanlarını nəzərdən keçiririk. Azərbaycan bazarında böyük potensial görürük. Uğurlu əməkdaşlıq quracağımızıa ümid edirəm. Hesab edirik ki, yerli İT bazarı ölkənin gələcək planlarına, hədəflərinə bir o qədər uyğun deyil”.
O, Azərbaycanın İT bazarının Pakistan qədər inkişafı üçün hansı addımların atılmasını açıqlayıb: “Hesab edirəm ki, əsas məqam İT sahəsi üzrə milli resurslara sahib olmaqdır. Azərbaycanın İT məhsulları üzərində işləməsi üçün yerli yaxşı istedadların olmadığını gördükləri üçün ilk növbədə Türkiyədən, Rusiyadan axtarırlar. İT mütəxəsislərin yetişdirilməsi, təkmilləşdirilməsi istiqamətində Pakistan dəstək göstərə bilər. Digər məqam isə texniki bacarıqlarla bağlıdır, İT mütəxəsislərin ingilis dilini bilməməsidir. Əgər Azərbaycan hökuməti İT mütəxəsislərini təkmilləşdirsə, ingilis dili biliklərinə yiyələnsələr yerli mütəxəsislər ölkənin tələbatını ödəməklə yanaşı, İT məhsullarını ixrac edə bilərlər”.
H.Rafique bildirib ki, şirkətin illik gəliri 1,5 milyon ABŞ dolları dəyərindədir: “Bizim qeyd etdiyim ölkələrdə çoxlu sayda müştərilərimiz var. Sinqapurda şirkətin bölməsi fəalyyət göstərir. Biz müxtəlif texnologiyalar üzrə İT sahəsində yüksək səviyyədə təcrübəyə malik, ideyaları tamamilə yeni səviyyəyə qaldırmağa hazır olan təcrübəli və savadlı mütəxəssislərdən ibarət heyətik”.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 11 milyon 729 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 11,6 % azdır.
Bu ilin yanvar-avqust aylarında isə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 16 milyon 172 min ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 2,3 dəfə çoxdur.