Azərbaycanda ötən il hər üç internet istifadəçisindən biri kibertəhlükə ilə üzləşib

Azərbaycanda ötən il hər üç internet istifadəçisindən biri kibertəhlükə ilə üzləşib Bu göstərici ilə Azərbaycan onlayn təhlükə riski ilə üzləşmiş ölkələrin ilk onluğuna düşüb
İKT
26 Yanvar , 2017 17:01
Azərbaycanda ötən il hər üç internet istifadəçisindən biri kibertəhlükə ilə üzləşib

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanda 2016-cı ildə istifadəçilərin 38%-i internetdə təhlükələrlə üzləşib. 

"Report" xəbər verir ki, bunu “Kaspersky Lab” şirkətinin eskpertləri ötən ilin nəticələrinə əsasən aydınlaşdırıblar. Bu göstərici ilə Azərbaycan onlayn təhlükə riski ilə üzləşmiş ölkələrin Top-10 siyahısına daxil olub. Reytinqdə ilk yerlərdə Rusiya, Qazaxıstan, İtaliya, Ukrayna və Braziliya qərarlaşıb.

"Report" xəbər verir ki, lokal təhlükələrə gəldikdə isə il ərzində, zərərli proqram təminatı cihazlara internetdən deyil, flaş kartlar kimi daşıyıcı disklər və ya sərt disklər vasitəsilə yüklənilib və 43% istifadəçi bununla üzləşib. Bu da əslində aşağı göstəricidir. Belə ki, Azərbaycan lokal təhlükələrlə üzləşmiş ölkələrin Top-20-nə də daxil olmayıb.

Ümumilkdə, 2016-cı il ərzində istifadəçilər daha çox pul oğurluğu üçün nəzərdə tutulmuş zərərli proqramlarla üzləşiblər. Son 12 ayda “Kaspersky Lab” şirkətinin müdafiə həlləri 3 mln. cihazda bu cür proqramların yüklənməsinin qarşısını alıb. Azərbaycanda il ərzində sadəcə 2% istifadəçi zərərli bank proqramları ilə üzləşib. Müqayisə üçün qeyd edək ki, Rusiya 5%-lik göstərici ilə maliyyə cinayətkarlarından əziyyət çəkən ölkələrin siyahısına liderlik edir.

“Kaspersky Lab” şirkətinin ekspertlərinin fikrincə, bank cinayətkarları tərəfindən hücumların artma səbəbi "Mobile Banking" istifadəçilərinin sayının artması ilə bağlıdır ki, onlar hesabat ili ərzində kibercinayətkarların aktiv hücumları ilə üzləşiblər. Bununla yanaşı, 10 ən məşhur bank troyan proqramlarından beşi “Android” bazasında cihazlardan maliyyə məlumatlarını oğurlamaq üçün yaradılıb.

Ümumiyyətlə, 2016-cı ilin sonunda “Kaspersky Lab” şirkətinin müdafiə həlləri tərəfindən aşkarlanmış zərərli proqramların sayı 1 mlrd.-a yaxındır. Onların arasında viruslar, troyan proqramları, bəkdorlar, şifrələyicilər, reklam proqramları və digər zərərli koda malik nümunələr mövcuddur.

Ötən ilin nəticələri ilə bağlı daha geniş statistika ilə “Kaspersky Lab” şirkətinin hesabatından tanış olmaq mümkündür: https://go.kaspersky.com/RU_Security_Bulletin_2016_Stats_SOC_2016.html

Son xəbərlər

Orphus sistemi