Cəbhədə Ermənistanın genişmiqyaslı təxribatlarının başlandığı gündən, yəni sentyabrın 27-dən etibarən ölkə üzrə kiberhücumların sayı adi günlərlə müqayisədə 5-6 dəfə artıb.
Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.
Məlumata görə, xarici ölkələrdən daxil olan zənglər, veb-kameraların sındırılması, router və modemlərə kütləvi hücumlar, xəbər saytlarına hücumlar, sosial şəbəkə hesablarının saxtalaşdırılıması, fişinq hücumları, demək olar ki, hər gün üzləşdiyimiz düşmən təxribatlarıdır.
Son günlərdə Azərbaycanda “Facebook” istifadəçilərinin hesablarının bloklanması halları ilə bağlı müraciətlərin də sayı artıb.
Nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti “Facebook” sosial şəbəkə istifadəçilərini hesablarının bloklanmasının və ya ləğv edilməsinin qarşısını almaq üçün aşağıdakı qaydalara əməl etməyə çağırır.
Aşağıdakı hallar “Facebook” hesabınızın bloklanmasına səbəb ola bilər:
- Özünü başqa şəxs və ya təşkilat kimi qələmə vermək məqsədilə saxta hesabların yaradılması;
- Əqli mülkiyyət hüququnu pozan paylaşımların edilməsi;
- Şəxsi hesabdan biznes məqsədləri üçün istifadə edilməsi;
- Rəy və ya paylaşımların təkrarlanması, eyni anda həddindən artıq dostluq sorğularının göndərilməsi və ya qəbul edilməsi (Facebook tərəfindən spam kimi qəbul edilir);
- Süni yolla bəyənmə, izləyici və baxışların əldə edilməsi;
- Pornoqrafik xarakterli paylaşımların edilməsi (xüsusilə, uşaq pornoqrafiyası);
- Fiziki şəxslər arasında odlu silahların, spirtli içkilər və tütün məmulatlarının alışı və satışı;
- Narkotik vasitələrin və psixotrop maddələrin alışı və satışı;
- Şəxsin irqi və milli mənsubiyyəti, dini və siyasi baxışları, cinsi, cinsi oriyentasiyası, əlilliyi, xəstəliyi və digər hallarla bağlı zorakılığa və təhqirə yol verilməsi;
- Şəxsiyyətin alçaldılması, nifrətə çağırışlar, təhqir və böhtan xarakterli məlumatlar;
- İntihara sövq etmək;
- Sağlamlıq və ictimaiyyət üçün təhlükə yaradan paylaşımların edilməsi;
- Terrorizm və ya zorakılığın təbliği və təşviqi;
- Başqa şəxsin fərdi məlumatlarının icazəsiz paylaşılması;
- Qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədi ilə kiberdələduzluq fəaliyyəti;
- Başqasına məxsus sosial şəbəkə hesabının ələ keçirilməsinə cəhdlər;
“Facebook” hesabının bloklanmaması üçün nə etməliyik?
- “Facebook” sosial şəbəkəsindən istifadə şərt və qaydalarına əməl edin.
- “Facebook” hesabınızın bloklanmasına səbəb ola biləcək yuxarıda göstərilən hərəkətlərə yol verməyin.
- Başqalarına məxsus fərdi məlumatlardan istifadə etməklə saxta hesablar yaratmayın.
- Yayılması qanunla qadağan edilən məlumatları paylaşmayın.
- Müəlliflik hüququnu pozan, terrorizmə, zorakılığa və nifrətə təşviq edən paylaşımlar etməkdən çəkinin.
- Başqasına məxsus fərdi məlumatları onların icazəsi olmadan paylaşmayın.
- İnsanlarla ünsiyyət qurarkən təhqir, təhdid və ya digər xoşagəlməz ifadələrdən çəkinin. Şəxsi fikirlərinizi başqalarının hüquqlarını pozmayacaq şəkildə və qarşılıqlı hörmət çərçivəsində ifadə edin.
- Məhsul və xidmətlərin reklamı üçün biznes səhifələrindən istifadə edin.
- Rəy və paylaşımlarınızı təkrarlamayın, süni yolla bəyənmə, izləyici və ya baxış əldə etməyə çalışmayın.
- Bundan əlavə, “Facebook” qaydalarını pozan məzmunları (hesab, rəy, paylaşım, reklam və s.) rəy bildirmədən paylaşımın və ya hesabın sağ tərəfindəki üç nöqtəyə klik etməklə şikayət edin.
“Facebook” hesabı bloklandıqda nə etməliyik?
- Əgər yuxarıdakı qaydaları pozmadığınızı və “Facebook” tərəfindən hesabınızın səhvən bloklandığını düşünürsünüzsə, aşağıdakı keçidə daxil olaraq “Facebook”un rəsmi müraciət formasını doldurun: https://www.facebook.com/help/contact/260749603972907
Şəkildə göstərilən boş xanalara aşağıdakı məlumatları daxil edin:
1. Hesabınızı qeydiyyatdan keçirərkən istifadə etdiyiniz e-poçt ünvanı və ya mobil nömrənizi;
2. Hesabınızda göstərilən ad və soyadınızı (“Facebook”da olduğu kimi);
3. Şəxsiyyət vəsiqənizin aydın görünən şəkli (.jpeg formatında).
Daha sonra “Send (Göndər)” düyməsini sıxaraq müraciətinizi “Facebook”a göndərin.
Müraciət formasının doldurulması ilə bağlı hər hansı çətinliyiniz yaranarsa, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.