Nazirlik rəsmisi: "Blokçeyn texnologiyalarından istifadə artdıqca bu sahə tənzimlənəcək"

Nazirlik rəsmisi: "Blokçeyn texnologiyalarından istifadə artdıqca bu sahə tənzimlənəcək" Dünyada 2017-2018-ci illərdə blokçeyn texnologiyalarına 22 milyard ABŞ dollarına yaxın investisiya qoyulub.
İKT
12 Mart , 2019 14:50
Nazirlik rəsmisi: Blokçeyn texnologiyalarından istifadə artdıqca bu sahə tənzimlənəcək

Dünyada 2017-2018-ci illərdə blokçeyn texnologiyalarına 22 milyard ABŞ dollarına yaxın investisiya qoyulub.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov deyib.

Onun sözlərinə görə, bu sahədə fəaliyyət göstərən şirkətlərin gəlirləri artmaqdadır: “2018-ci ildə blokçeyn texnologiyaları üzrə bazarın dəyəri 1,5 milyard dollar olub. 2019-cu ildə isə bu rəqəmin 2,9 milyard dollar olması gözlənilir. Blokçeyn texnologiyalarından istifadə sürətlə artsa da, hesab edirəm ki, ondan istifadə hələ ki, ilkin mərhələdədur. Yəni, kütləvi istifadə baş verməyib. Çox sevindirici haldır ki, Azərbaycanda həm dövlət qurumları, həm də özəl şirkətlər bu texnologiyalardan istifadə sahəsində müxtəlif layihələr həyata keçirirlər”.

Fond rəsmisi əlavə edib ki, blokçeyn texnologiyalarından əsasən maliyyə sektorunda istifadə edilib: “Bu texnologiyalar bank və sığorta xidmətlərinin göstərilməsində, eyni zamanda investisiyaların idarə olunması, qiymətli kağızlar sahəsində tətbiq olunur. Blokçeyn texnologiyaları yeni olduğuna görə həm bahalıdır, həm də onların tənzimlənmə mexanizmləri qeyri-sabitdir. Yəqin ki, bu texnologiyaların bazar payı artdıqca, kütləvi istifadə edildikcə, bu sahə də tənzimlənəcək”.

Son xəbərlər

Orphus sistemi