Azərbaycanda elektron imzaya tələbat artıb

Azərbaycanda elektron imzaya tələbat artıb Təqdim olunan sertifikatların sayında 20 faiz artım qeydə alınıb
İKT
654
2 İyul , 2020 17:50
Azərbaycanda elektron imzaya tələbat artıb

Koronavirus (COVID-19) pandemiyası dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təqdim etdiyi elektron imzaya tələbat artıb. 

Bu barədə "Report" Nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir.

Bu ilin yanvar-iyun ayları ərzində vətəndaşlara 1 244, sahibkarlara 2 144, hüquqi şəxslərə isə 1 666 e-imza sertifikatı verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə  təqdim olunan sertifikatların sayında 20 faiz artım qeydə alınıb.

Elektron imza əldə etmək üçün müraciət edən dövlət qurumlarına isə 3 375 e-imza sertifikatı verilib. Ümumilikdə cari ilin ilk yarımilliyində 8 429 sertifikat təqdim edilib. Bu müddət ərzində elektron imza ilə aparılan əməliyyatların sayı isə 6 102 250 təşkil edib.

Qeyd edək ki, e-imzanı əldə etmək istəyən dövlət qurumları, sahibkarlar, hüquqi və fiziki şəxslər “e-imza.az” saytına daxil olmaqla onlayn sifariş verə bilirlər.

Xatırladaq ki, elektron imza rəqəmsal mühitdə hazırlanan Smart kart və USB Token formasında istifadə oluna bilən, elektron məntiqə uyğun işləyən şəxsiyyəti müəyyənləşdirmə və imzalama vasitəsidir. Təqlid edilməsi mümkün olmayan bu imza 3 il müddətində etibarlıdır və onun dəyişdirilməsi mümkünsüzdür. Elektron imza ilə vergi, gömrük, maliyyə, təhsil və bir çox digər sahələrdə müxtəlif xidmətlərdən faydalanmaq olur. Elektron vergi bəyannamələrinin təqdimi, gömrükdə malların və  nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, internet və mobil bankçılıq kimi vacib elektron xidmətlər e-imza vasitəsilə icra edilir. Bir sözlə, e-imza sertifikatı ilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə etmək mümkündür. Dövlət və qeyri-dövlət qurumları, vətəndaşlar bu xidmətdən yararlanaraq biri-birilərinə imzalanan sənədləri göndərə bilirlər.