Nazirlik: "Azərbaycanda internet istifadəçilərinin xüsusi çəkisi orta dünya göstəricisindən yüksəkdir"

Nazirlik: "Azərbaycanda internet istifadəçilərinin xüsusi çəkisi orta dünya göstəricisindən yüksəkdir" Azərbaycanda hər 100 nəfərə düşən internet istifadəçinin sayı 85 nəfərdir. Dünya üzrə orta göstərici 63, o cümlədən Avropa üzrə orta göstərici 83 nəfərdir.
İKT
21 Aprel , 2022 17:00
Nazirlik: Azərbaycanda internet istifadəçilərinin xüsusi çəkisi orta dünya göstəricisindən yüksəkdir

Azərbaycanda hər 100 nəfərə düşən internet istifadəçinin sayı 85 nəfərdir. Dünya üzrə orta göstərici 63, o cümlədən Avropa üzrə orta göstərici 83 nəfərdir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Bununla nazirlik Azərbaycanın internetdən istifadə sahəsində digər ölkələrdən geri qalması ilə bağlı iddialara cavab verib.

Qurum bəyan edib ki, internet istifadəçilərinin xüsusi çəkisi ilə yanaşı digər 2 amilə də nəzər yetirmək lazımdır: "Bunlardan biri penetrasiya, yəni internetə çıxış almaq üçün texniki imkanlar, şəbəkənin fiziki əlçatanlığıdır. Bu kateqoriyaya daxil olan bəzi göstəricilər üzrə Azərbaycan dünya və Avropa ölkələri ilə müqayisə oluna bilər. Məsələn, 3G və daha yüksək şəbəkənin əhatə dairəsi 97 %-dən yuxarıdır. Dünya üzrə orta göstərici 93 %-ə bərabərdir.

İkinci amil internetin surətidir. Azərbaycanda sabit genişzolaqlı internet istifadəçilərinin təxminən 70 %-i şəbəkəyə ADSL texnologiyası ilə qoşulur. Fiber-optik kabel üzərindən qoşulma göstəricisi isə 19 %-dir. Hazırda bu nisbət Gürcüstanda 93 %, Rusiyada isə 68 %-dr.

ADSL texnologiyasının isə saniyədə 10 MB yuxarı həddi var. Deməli yeganə həll yolu infrastrukturun yenilənməsinə, daha sürətli internet texnologiyalarına böyük məbləğdə investisiya yatırılmasıdır. Nazirliyin son 1 ildə üzərində çalışdığı iş məhz budur. Nəticə olaraq 3 şirkətin – “Aztelekom”, “Baktelekom” və “Azeronline” MMC-lərin dövlət-özəl tərəfdaşlığı əsasında ölkədə fiber-optik kabelin yenilənməsinə birgə investisiya qoymaq qərarı var".

Bundan başqa, nazirlikdən bildiriblər ki, ötən ilin sonuna qədər Azərbaycanda 3 şirkət üzrə 436 min ev təsərrüfatının müasir GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası istifadə edilməklə internet şəbəkəsinə qoşulmasına imkan yaradılıb: "Bu dəyişməni “Speedtest” Qlobal İndeksi üzrə hesabatında görmək mümkündür. Belə ki, 2021-ci ilin mart ayında ölkəmizdə internetin (downloand) sürəti 12,5 Mbit/s olduğu halda 2022-ci ilin mart ayında bu göstərici 21,2 Mbit/s olub.

Növbəti ildə isə daha 420 min ev təsərrüfatı eyni üsulla kabelləşdiriləcək. Ümumilikdə isə 2024-ci ilin sonuna qədərölkə ərazisindəki bütün ev təsərrüfatlarının internetlə təmin edilməsi və internetin minimum sürətinin 25 mbps-ə çatdırılması hədəflənir.

“Speedtest Global Index”inə görə, bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 119-cu yerdə qərarlaşıb ki, bu da fevral ayı ilə müqayisədə 3 pillə irəliləmə deməkdir. Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 19,93 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. İlk yerdə Sinqapur (197,97 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1,83 MB/S) qərarlaşıb.

Bundan başqa, martda Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 2 pillə geriləyib və 30,4 MB/S sürətlə 63-cü pillədə qərarlaşıb.

Sabit genişzolaqlı internetin orta sürətinə görə qonşu Gürcüstan 19,68 MB sürətlə 120-ci, Ermənistan isə 34,8 MB/S sürətlə 93-cü yerə sahiblənib.

Bundan əlavə mobil internetin sürətinə görə isə ölkələr müvafiq olaraq 61-ci (30,67 MB/S), Ermənistan isə 83-cü (22,01 MB/S) yerdədir.

Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 135,35 MB/S sürətlə birinci, Fələstin isə 4,89 MB/S sürətlə sonuncu 142-ci olub.

Son xəbərlər

Orphus sistemi