Nazir: "Neftin ucuzlaşması dövlət maliyyələşməsində qənaət tələb edir"

Nazir: "Neftin ucuzlaşması dövlət maliyyələşməsində qənaət tələb edir" Əli Abbasov: "Bəzi layihələrin maliyyələşməsində dövlət sifarişi digər maliyyə mənbələri ilə əvəz olunub"
İKT
18 Fevral , 2015 12:17
Nazir: Neftin ucuzlaşması dövlət maliyyələşməsində qənaət tələb edir

Bakı. 18 fevral. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycanda dövlət sifarişi ilə həyata keçirilən layihələrin icrasında müəyyən yığcamlıq və qənaət tələb edir. Bu səbəbdən də bəzi layihələrin maliyyələşməsində dövlət sifarişi digər maliyyə mənbələri ilə əvəz olunub. 

"Report"un verdiyi xəbərə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Nazir buna misal olaraq, Dövlət Neft Fondundan maliyyələşdirilməsi nəzərdə tutulan genişzolaqlı internetin inkişafı layihəsini qeyd edib. 

Ə.Abbasov bildirib ki, layihənin maliyyələşdirilməsi 2016-cı ildən sonraya saxlanılıb: "Bununla əlaqədar, yeni maliyyə mənbələri axtarıb tapmışıq. Layihə xarici bankların, beynəlxalq təşkilatların güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Artıq xarici banklarla danışıqlara başlanılıb. Bu, gəlir gətirən layihədir. İnvestisiyaların geri qayıtma müddəti 3-5 ildir. Belə halda ola bilər ki, dövlətin maliyyə resursları üçün ümumiyyətlə müraciət etməyək". 

Qeyd edək ki, Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsi üçün Dövlət Neft Fondundan 450 mln. manat (təxminən 570 mln. ABŞ dolları) həcmində vəsaitin ayrılması nəzərdə tutulurdu.

Son xəbərlər

Orphus sistemi