Naxçıvan MR-da sürətli poçtun lisenziyalaşdırılması şərtləri müəyyən olunub

İKT
  • 29 mart, 2021
  • 08:00
Naxçıvan MR-da sürətli poçtun lisenziyalaşdırılması şərtləri müəyyən olunub

Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyi yerli Nazirlər Kabinetinin 6 mart 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Sürətli poçt xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.5 bəndində sürətli poçt xidmətinə lisenziya verilməsi üçün tələb olunan şərtləri müəyyən edib.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Şərtlərə görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin, hüquqişəxs olduqda dövlət reyestrindən çıxarışın və Nizamnamənin, vergiödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, fəaliyyətin həyata keçirildiyi sahəsi 100 m2-dən az olmayan daşınmaz əmlakın mövcudluğu və üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır.

Muxtar respublikanın ən azı 3 inzibati ərazi vahidində 20 m2-dən az olmayaraq saxlanma anbarı ilə təmin edilmiş nümayəndəliyin olması, fəaliyyət göstərilən obyektlərdə yanğın təhlükəsizliyi və videomüşahidə sistemlərinin quraşdırılması, çatdırılma və kuryer fəaliyyətinin təşkili üçün mülkiyyət və ya icarə əsasında istifadəsində ən azı 2 yük avtonəqliyyat vasitəsinin olması, lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd də şərtlərdə öz əksini tapır. Sürətli poçt göndərişlərində mədəni-məişət və istehsal təyinatlı əşyalar, uzun müddət saxlanıla bilən qida məhsulları, bitkilər, çap məhsulları, dərman preparatları, meyvə, tərəvəz, eləcə də təyinat ölkəsində idxalına icazə verilmiş və qanunvericiliklə qadağan olunmamış digər əşya və malların göndərilməsinə icazə verilir. Sürətli poçt göndərişlərində “Mülki dövriyyənin müəyyən iştirakçılarının mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunda nəzərdə tutulmuş mal və əşyaların göndərilməsi üçün xüsusi icazə tələb olunur.

44 filmi