“Android” əməliyyat sistemi üçün nəzərdə tutulan pulsuz VPN işlədən 21 milyondan çox istifadəçinin şəxsi məlumatları internetə sızıb.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, söhbət əsas auditoriyası internet-resursların əngəlinin mütəmadi olduğu Rusiya, Çin və Yaxın Şərq dövlətləri olan “Super VPN”, “Gecko VPN” və “Chat VPN” proqramlarından gedir.
Bildirilib ki, informasiya bazasında e-poçt ünvanları, login və şifrələr, habelə premium hesablar üçün ödənişlər barədə məlumatlar var. Bəzi hallarda cihazlar haqqında da məlumat mövcuddur – onların modeli və seriya nömrələri.
Mütəxəssislərin fikrincə, bu məlumatlar fişinq göndərişləri, habelə istifadəçinin veb-sessiyalarının məlumatlarını ələ keçirmək və şəbəkə üzərindən onlara ötürülmüş parolları və bank kartı məlumatlarını oğurlamaq üçün istifadə edilə bilər.
Xatırladaq ki, Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə Azərbaycanda sentyabrın 27-dən noyabrın 12-dək internetin fəaliyyətində məhdudiyyətlər və fasilələr tətbiq edilirdi. Həmin ərəfədə ölkədə məhdudiyyətdən yayınmaq üçün minlərlə smartfon istifadəçisi pulsuz VPN proqramlarına üz tutub.