Azərbaycanda Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması üçün tələb olunan vəsait açıqlanıb

İKT
  • 15 oktyabr, 2024
  • 09:17
Azərbaycanda Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması üçün tələb olunan vəsait açıqlanıb

Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılmasına və əlaqədar təlim xidmətlərinə ehtimal olunan xərclərin dəyəri 21 milyon 881 min 253,69 manat təşkil edir.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin "Tikinti-Təchizat Birliyi” MMC-nin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.

Tender şərtlərinə əsasən 5 modul və 6 alt modulun, o cümlədən inteqrasiya pəncərəsi, məkan məlumatlarının emalı, məkan məlumatlarının monitorinqi, rəqəmsal xəritə, hesabat modullarının, istifadəçilərin idarəolunması, istifadəçi rollarının idarəolunması, daxiletmə formalarının idarəolunması, iş axınlarının idarəolunması, bildirişlərin idarəolunması alt modullarının yaradılması nəzərdə tutulub.

Təchizatçılar təklifləri təqdim etmək üçün 25 manat istifadə haqqı və 3 282,19 manat iştirak haqqı ödəməlidirlər.

İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.

Təkliflər noyabrın 23-ü saat 17:30-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.

44 filmi