"Microsoft Azerbaijan": İnsanlar lisenziyalarımızın nəyə görə alındığını dərk etmirlər

"Microsoft Azerbaijan": İnsanlar lisenziyalarımızın nəyə görə alındığını dərk etmirlər Dövlət strukturları üçün proqram təminatına dair lisenziyaların alınması ilə bağlı vəziyyət heç də ürəkaçan səviyyədə deyil. Yəni dövlət bu investisiyanı ayırıb, “Microsoft” lisenziyaları təqdim edib, amma dövlət qurumları bu lisenziyaları quraşdırmayıb. Hələ də kitab rəfində yığıb saxlayıblar. Elə hesab edirlər ki, burada durmaqla onları qoruyacaqlar.
İKT
204
2 Mart , 2020 14:39
Microsoft Azerbaijan: İnsanlar lisenziyalarımızın nəyə görə alındığını dərk etmirlər
Microsoft

"Dövlət strukturları üçün proqram təminatına dair lisenziyaların alınması ilə bağlı vəziyyət heç də ürəkaçan səviyyədə deyil. Yəni dövlət bu investisiyanı ayırıb, “Microsoft” lisenziyaları təqdim edib, amma dövlət qurumları bu lisenziyaları quraşdırmayıb. Hələ də kitab rəfində yığıb saxlayıblar. Elə hesab edirlər ki, burada durmaqla onları qoruyacaqlar".

“Report” xəbər verir ki, bunu “Microsoft Azerbaijan” şirkətinin yeni baş meneceri Qaçay Mirzəyev deyib.

O bildirib ki, lisenziyaların quraşdırılması səviyyəsi çox aşağıdır: “Biz çox arzu edərdik ki, qurumlar, o cümlədən "AzInTelecom" MMC özü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu istiqamətdə maarifləndirmə aparsınlar. Biz də "Microsoft" olaraq bu işə qoşulmağa hazırıq. Hələ insanlar bu lisenziyaların nəyə görə alındığını dərk etmir. Yəni biz bu lisenziyaları yaxşı görsənsin, Azərbaycan rəqəmlərdə yüksək pillələrə qalxsın deyə almamışıq. Bunun kiber riski azaltmaq tərəfi var. Nə vaxta qədər ki, siz bunu quraşdırmasınız, bu, sizi qorumur. Ona görə də biz istərdik ki, alınan lisenziyalar quraşdırılsın.

"Microsoft" dünyada kibertəhlükəsizlik sahəsində liderdir. Çünki şirkət təkcə özünü qorumur. "Microsoft"un 150-dən çox data mərkəzi var və bu, 54 regionda milyonlarla müştəriyə xidmət edir. Hazırda bizim portfeldə 50-dən çox kibertəhlükəsizlik həlli var. Bu həllər istənilən istiqamətdə risklərin qarşısını ala yaxud onu azalda bilər".

Xatırladaq ki, 2018-ci ilin iyul ayında NRYTN “Microsoft”la dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş imzalayıb. Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterlərini (20,000 lisenziya) “Microsoft” proqram təminatı lisenziyaları (Windows Pro, Office 365 ProPlus, Core CAL) ilə təmin etmək, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırmaq (10,000 lisenziya) nəzərdə tutulub. Bundan əlavə, sazişin bağlanması zamanı “Microsoft” şirkəti tərəfindən təqdim olunan “Tələbə Üstünlükləri” proqramından da yararlanaraq bütün ali təhsil müəssisələrinin tələbələri üçün (~150.000 nəfər) əlavə olaraq pulsuz “Microsoft Windows” və “Microsoft Office” proqram təminatı əldə olunub. Sözügedən sazişə əsasən, NRYTN və “Microsoft” dövlət strukturlarında proqram təminatının lisenziyalaşdırılması ilə bağlı əməkdaşlığın ikinci mərhələsini reallaşdıracaq. Belə ki, 2011-ci ildə artıq 10000 kompüter dövlət qurumlarının icra aparatlarında istifadə olunmaq üçün lisenziyalaşdırılaraq (Windows, Office ProPlus və Core CAL) istifadəyə verilmişdi.

Son xəbərlər

Orphus sistemi