Sistemlərində böyük bir texniki nasazlıq yaranan “Microsoft” bəzi xidmətlərin işini bərpa edə bilib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
"Məlumatlarımız və müştəri əlaqəmiz göstərir ki, bəzi xidmətlər bərpa olunub", - bu barədə serverlərin vəziyyəti haqqında xəbərdə deyilir.
Yenidən bərpa olunan xidmətlər arasında “Microsoft Defender”, “Microsoft Intune”, “Microsoft OneNote”, “OneDrive for Business”, “SharePoint Online”, “Windows 365”, “Viva Engage” və “Microsoft Purview” var.
Bununla belə, “PowerBI”, “Microsoft Fabric”, “Microsoft Teams” və “Microsoft 365 admin center” ilə bağlı problemlər hələ də qalmaqdadır.
Bildirilib ki, şirkət sistemlərin bərpası üzərində işləri davam etdirir.
İlkin olaraq, nasazlığın əsas səbəbi “Azure” bulud hesablama platforması ilə bağlı ola bilər.
Qeyd edək ki, Avstraliyada “Microsoft” noutbuklarının işləməsi ilə bağlı qlobal texniki nasazlıq baş verib, bunun nəticəsində telekommunikasiya operatorları, banklar və aviaşirkətlər kütləvi şəkildə zərər çəkib.
Avstraliyanın "WA Today" qəzetinin məlumatına görə, "Apple Pay" də daxil olmaqla ödəniş sistemləri də bundan təsirlənib.
Bundan başqa, qlobal nasazlıq Avropanın ən böyük Rotterdam limanında fəaliyyət göstərən şirkətlərə də təsir edib.