Kosmosun fəthində azərbaycanlıların rolu

Kosmosun fəthində azərbaycanlıların rolu Musa Manarovun adı Ginnesin Rekordlar Kitabına düşüb
İKT
268
12 Aprel , 2021 18:48
Kosmosun fəthində azərbaycanlıların rolu

SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Bu gün Azərbaycanda da daxil olmaqla bir çox ölkədə qeyd olunur.

“Report” xəbər verir ki, Pressunity.org saytında Azərbaycanın görkəmli kosmonavtları və ölkənin bu sahədə uğurları barədə məqalə dərc edilib.

Görkəmli kosmonavtlar Vitali JelobovMusa Manarov Azərbaycanda doğulub və böyüyüblər. Onlar Azərbaycan Neft və Kimya İnstitutunu bitiriblər. V.Jelobov və M.Manarov birlikdə Sovet kosmonavtikasının inkişafına böyük töhfələr veriblər.

Xüsusilə bakılı kosmonavt M.Manarov kosmosda 365 gün keçirməklə 1987-1988-ci illərdə insanın orbitdə qalma müddətinin rekordunu qıraraq Ginnesin Rekordlar Kitabına düşüb.

Füzuli Fərəcov isə Azərbaycanın haqlı olaraq fəxr etdiyi bir şəxsiyyətdir. Məşhur “Buran” kosmik gəmisinin yaradılmasında birbaşa iştirak etmiş azərbaycanlı Fərəcov Rusiyanın İctimai Elmlər Akademiyasının həqiqi üzvü və “Texno-Svar-TMZ” ASC-nin baş direktorudur. O, Rusiya Federasiyası Kosmonavtika Federasiyasının Tsiolkovski adına fəxri medalına da layiq görülüb.

Ənuşə Ənsarini də unutmaq olmaz – o, ilk qadın kosmik turist və kosmosdakı ilk müsəlman qadındır. 2006-cı il sentyabrın 18-də “Soyuz TMA-9” kosmik gəmisi heyəti ilə birlikdə Baykonur kosmodromundan müvəffəqiyyətlə uçuşa başlayıb. Sentyabrın 20-də kosmik gəmi Beynəlxalq Kosmik Stansiyanın “Zvezda” moduluna uğurla birləşə bilib. Ənuşə stansiyada keçirdiyi səkkiz gün ərzində bir neçə elmi təcrübə həyata keçirib. Bunlar əsasən kosmik radiasiyanın və çəkisizliyin heyət üzvlərinə və mikroorqanizmlərə təsirinin öyrənilməsi ilə bağlı olub. O həmçinin kosmosda uçuş zamanı bloq yazan ilk insan olub.

Sovet kosmonavtikasının qurucuları arasında azərbaycanlı Kərim Kərimovun da adı ön sıralarda durur. O, “R-2” raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də bu raketlərdən biri dünyanın ilk süni peykini kosmosa çıxarıb və bu hadisə planetimizdə kosmik eranın başlanğıcını qoyub.

Raket və kosmik texnologiyalarının inkişafında Kərimovun misilsiz xidmətləri olub. İstehsalat, təşkilati və elmi fəaliyyətinə görə general-leytenant Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin, Qırmızı Əmək Bayrağı və Qırmızı Ulduz ordenlərinə layiq görülüb. Kərim Kərimov iki dəfə dövlət mükafatına da layiq görülüb. Kosmonavtikanın inkişafında və Azərbaycan Respublikası qarşısında xidmətlərini nəzərə alınaraq ümummilli lider Heydər Əliyev fərmanı ilə Kərim Kərimovu Azərbaycan Respublikasının “Şərəf” Ordeni ilə təltif edib. O həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib.

Azərbaycanda aerokosmik sənayenin yaradılması və inkişafı 2008-ci ildə ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra başlayıb. Ölkədə fəaliyyət göstərən aerokosmik agentliyin əsas vəzifəsi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə və inkişafına yönəlmiş layihələrin həyata keçirilməsidir. Azərbaycan hazırda kosmik klubun fəal üzvüdür, kosmik sənayenin inkişafı ölkədə prioritet sahələrdən biridir.

Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”in orbitə buraxılmasından səkkiz il ötür. Bu peykin dünyanın 30-dan çox ölkəsində daimi müştərisi var. “Azerspace-1” şəbəkə xidmətlərinə artan tələbatı ödəmək üçün bölgədəki dövlət və özəl təşkilatlara yüksək texnoloji imkanlar təqdim edir. “Azerspace-1” hazırda 60-dan çox televiziya və radio kanalını yayımlayır.

Son xəbərlər

Orphus sistemi