“İnformasiya texnologiyaları sahəsində dünya səviyyəsində güclü ölkə olan Koreya Azərbaycanla əlaqələrin dərinləşdirilməsi üçün gələcəkdə də “ASAN Xidmət”lə əməkdaşlığa diqqət göstərəcək”.
“Report”un xəbərinə görə, bunu Koreyanın Azərbaycandakı səfiri Li İn-Yonq “Mərkəzləşdirilmiş Dövlət Xidmətləri Çağrı Mərkəzinin Optimallaşdırılmasında Süni İntellektin Tətbiqi” kiçik həcmli inkişafa rəsmi yardım layihəsi çərçivəsində təhvil-təslim protokolunun imzalanma mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, “ASAN Xidmət” Azərbaycanda yaşayan koreyalılar tərəfindən çox yaxşı tanınır: “Mən şəxsən ötən ay evimin yanındakı “ASAN Xidmət” Mərkəzində öz sürücülük vəsiqəmi dəyişdim və burada olan peşəkarlıqdan çox təsirləndim. “ASAN Xidmət” dünyada Azərbaycan brendi kimi tanınır və bir çox beynəlxalq təşkilatın mükafatlarına layiq görülüb”.
Koreyalı diplomatın fkrincə, xarici arenada qazanılan uğurdan əlavə Azərbaycan vətəndaşlarının “ASAN Xidmət”dən məmnunluğunun 99.8% təşkil etməsi deməyə əsas verir ki, bu, xalqın doğurdan da sevimli qurumudur: “Buna imkan verən inteqrasiyalı yanaşma, eyni zamanda dövlət xidmətlərinin şəffaf və səmərəli təqdim olunmasıdır”.
L.İn-Yonq vurğulayıb ki, “ASAN xidmət” koreyalılar üçün də xüsusi əhəmiyyət daşıyır: “Bu, hava limanında ASAN vizanın verilməsi köşkündə Koreya dili dəstəyinin olması ilə də əlaqədardır. İnformasiya texnologiyaları sahəsində dünya səviyyəsində güclü ölkə olan Koreya Azərbaycanla əlaqələrin dərinləşdirilməsi üçün gələcəkdə də “ASAN Xidmət”lə əməkdaşlığa diqqət göstərəcək”.