Hazırda turizm sənayesinə müasir tendensiyaların və texnologiyaların inteqrasiyasına ehtiyac var.
"Report" xəbər verir ki, bunu Kayseri Universitetinin qurucu rektoru Kurtuluş Karamustafa bu gün Bakıda keçirilən Dövlət Turizm Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı ilə "QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü"ndə deyib.
O bildirib ki, son illər turizm sənayesi texnoloji mənzərənin və istehlakçı seçimlərinin dəyişməsi nəticəsində yaranan ciddi problemlərlə üzləşib: "Müasir texnologiyaların və tendensiyaların inteqrasiyası təkcə bir fürsət deyil, həm də rəqabətədavamlı olmaq və turistlərin gözləntilərini qarşılamaq üçün zəruridir. Eyni zamanda fərdiləşdirilmiş təkliflərin yaradılmasına və xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verən davranışdır".
Rektor əlavə edib ki, süni intellektdən istifadənin artması tendensiyası da var: “Bütün bunlar turizm sənayesində müəssisələrin xidmət keyfiyyətinin artırılmasına və səmərəliliyinin artırılmasına kömək edir”.