İsrailin “Spacecom” şirkəti "Azerspace" peyklərinin imkanlarından istifadə edərək xidmət coğrafiyasını genişləndirəcək, xüsusilə Afrika regionunda peyk xidmətləri və mobil rabitənin verilməsi üzrə layihələr həyata keçirəcək.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") məlumatına istinadən xəbər verir.
Bununla bağlı bu gün "Azərkosmos" və “Spacecom” peyk operatoru arasında uzunmüddətli layihələrin birgə həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Bildirilir ki, AMOS telekommunikasiya peyklərinin operatoru olan “Spacecom” Yaxın Şərq, Avropa və Şimali Amerikada fəaliyyət göstərir. Yüksək ötürmə qabiliyyətli peyklərə malik olan “Spacecom” "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən teleport xidmətlərindən də istifadə etməklə müştərilərinə xidmət göstərəcək.
“Əməkdaşlığımız "Azərkosmos" və “Spacecom” arasında birgə inkişafa gedən yolun başlanğıcıdır. AMOS peykləri vasitəsilə Avropa, Afrika və Asiyadan olan müştərilərimizin sayını artıracağıq”, – deyə "Azərkosmos"un sədr müavini Fuad Aslanov bildirib.
"Azərkosmos"un telekommunikasiya və teleport xidmətlərindən istifadə etməyimiz kosmosla bağlı birgə fəaliyyətimizin inkişafı üçün mühüm addımdır. "Azerspace" peykləri Afrika bazarındakı ən dinamik peyklərdəndir və rəqəmsal yayım sahəsində keyfiyyətli xidmətlər təqdim ediləcək", - “Spacecom”un Gəlirlər üzrə baş direktoru Yon Rozenberq qeyd edib.