İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi jurnalistlər üçün təlim keçirib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi jurnalistlər üçün təlim keçirib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal transformasiya və innovasiya ekosistemi haqqında yazan jurnalistlər üçün tanınmış ekspertlərin iştirakı ilə peşəkar təlim təşkil edib.
İKT
20 İyul , 2022 15:14
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi jurnalistlər üçün təlim keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal transformasiya və innovasiya ekosistemi haqqında yazan jurnalistlər üçün tanınmış ekspertlərin iştirakı ilə peşəkar təlim təşkil edib.

"Report" xəbər verir ki, təlimin məqsədi Azərbaycanda müvafiq sahələrdə məqalə, xəbər və oçerklərin yazılması, reportajların hazırlanması, müsahibə alma texnikası və praktikası üzrə jurnalistlərin bilik və səriştələrini artırmaqdır.

Yerli mətbuatın aparıcı nümayəndələrinin iştirakı ilə keçirilən təlimdə rəqəmsal transformasiyanın əhəmiyyəti, bu sahədə beynəlxalq təcrübə və Azərbaycanda həyata keçirilən layihələrlə bağlı sessiyalar təşkil edilib. Təlim çərçivəsində, o cümlədən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müşavirləri Rəşad Xalıqov və Ağahüseyn Əhmədov geniş təqdimatlarla çıxış ediblər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müşaviri Rəşad Xalıqov bildirib ki, qurumun qarşısında duran əsas vəzifələrdən biri də rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi və bu istiqamətdə aidiyyatı qurumlarla əməkdaşlığın genişləndirilməsidir. Cəmiyyətdə rəqəmsallaşmanı tələb edən boşluqlar üzrə araşdırmaların aparılması və əldə olunmuş müsbət nəticələrin ictimailəşdirilməsində medianın rolu böyükdür. Təlimlər vasitəsilə Azərbaycanda rəqəmsallaşma və innovasiya ekosistemi haqqında müfəssəl yazan və araşdırma apara bilən professional jurnalistlər qrupunu formalaşdırmaq istəyirik. Ümid edirik ki, bu sahədə ixtisaslaşan jurnalistlər ölkəmizdə rəqəmsal iqtisadiyyatın quruculuğuna özünəməxsus töhfə verə biləcəklər’’.

Təlim proqramında iştirak edən 20 jurnalist təmsil etdikləri media qurumlarında və cəmiyyətdə rəqəmsallaşmaya ehtiyac duyulan prioritet sahələr üzrə, o cümlədən innovasiya ekosisteminin oyunçularının yerli mətbuatın işinə verə biləcəyi töhfələr mövzusunda qrup müzakirələrində fəal iştirak edib. Proqramın sonunda Agentliyin rəhbərliyi jurnalistlərə sertifikatlar və xatirə hədiyyələri təqdim edib.

‘’İki günlük təlim proqramımız jurnalistlərin qarşıdan gələn peşə bayramı ərəfəsinə təsadüf edir. Maarifçilik bütün dövrlərdə intibahın əsas lokomotivi olub. Agentlik olaraq innovasiya sahəsində peşəkar insan kapitalının formalaşmasına təkan vermək niyyətindəyik. Yerli media nümayəndələri üçün təşkil etdiyimiz təlim əməkdaşlığın ilkin mərhələsidir. Əminəm ki, dahi ədibimiz Həsən bəy Zərdabinin bugünkü davamçıları müasir çağrışlara cavab olaraq innovativ sahibkarlıq təfəkkürünü, yenilikçiliyi, davamlı inkişafı cəmiyyətə aşılamaqla tarixi missiyalarını uğurla davam etdirəcək’’, - qurumun sədr əvəzi İnarə Vəliyeva qeyd edib.

Son xəbərlər

Orphus sistemi