İlqar Musayev: “Azərbaycanın regionda və dünyada nüfuzu kəskin artıb”

İlqar Musayev: “Azərbaycanın regionda və dünyada nüfuzu kəskin artıb” Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ müharibəsində inamlı qələbədən və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən sonra Azərbaycanın regionda və dünyada nüfuzu kəskin artıb.
İKT
26 Oktyabr , 2023 10:13
İlqar Musayev: “Azərbaycanın regionda və dünyada nüfuzu kəskin artıb”
İlqar Musayev

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ müharibəsində inamlı qələbədən və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən sonra Azərbaycanın regionda və dünyada nüfuzu kəskin artıb.

“Report” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri İlqar Musayev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin açılışında bildirib.

“Azərbaycan postsovet məkanında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk ölkəyə, XXI əsrin qalib dövlətinə çevrilib. Bunu həzm edə bilməyən ölkələr digər sahələrdə olduğu kimi informasiya təhlükəsizliyi sahəsində də ölkəmizə qarşı müəyyən problemlər yaratmağa çalışırlar. Bununla bağlı dövlət başçımız ADA Universitetində “Orta Dəhliz boyunca geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda ekspertlərin suallarını cavablandırarkən hətta bizdən çox müasir texnologiyalara malik ölkələrin kiberhücumlara qarşı həssas olduğunu qeyd edərək kibertəhlükəsizliklə ciddi şəkildə məşğul olacağımızı bildirib”, - deyə o qeyd edib.

“Belə genişmiqyaslı tədbirlərin keçirilməsini yeni iri məbləğli layihələrin başlanğıcı kimi qiymətləndirmək olar. Bu isə, bizim üçün yeni imkan və yeni məsuliyyətdir. Son illər dünyada və ölkəmizdə baş verən hadisələr fonunda yeni reallıqlar kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin gücləndirilməsi məsələlərini də aktuallaşdırıb. “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nda da kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsinə xüsusi yer verilib. Həmçinin son illər bu istiqamətdə görülən işlər, qəbul edilən normativ hüquqi aktlar, yaradılan kiberməktəblər də bunun bariz nümunəsidir”, - deyə sədr əlavə edib.

“Bu baxımdan Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərinin kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə edilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışının keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Tədbirin təşkil olunmasında məqsəd dövlət qurumlarının kritik infrastrukturları, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək, təcrübələrini artırmaq, dövlət və özəl sektorlar arasında kommunikasiya və koordinasiyanı gücləndirməkdir. Kiberfestivalın qonaqları bu 2 gün ərzində informasiya təhlükəsizliyi üzrə yerli və xarici ekspertlərin iştirakı ilə 10 təqdimat və 5 panel müzakirəsindən ibarət konfransda iştirak etmək, kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, virtual yarışlarda iştirak edib topladıqları balları hədiyyələrə dəyişmək imkanı əldə edəcəklər. Kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək “Kibermüharibə” yarışında isə iştirakçı komandalar onlara təhkim olunmuş virtual informasiya sistemlərinin müdafiəsini quraraq verilmiş infrastrukturun kiberhücumlara qarşı təhlükəsizliyini təmin etməli olacaqlar. Həmçinin tədbir çərçivəsində 6 müxtəlif istiqamət üzrə həm yeni başlayanlar, həm də peşəkarlar üçün “masterclass”lar təşkil olunub. Ümumilikdə 360 iştirakçının sertifikatlaşdırılmasını nəzərdə tutan ixtisasartırma təlimləri yerli və xarici ekspertlər tərəfindən keçiriləcək. Bu konseptin növbəti illərdə də həm sahəvi kritikinfrastrukturlar üçün xüsusiləşdirilmiş formada, həm də beynəlxalq səviyyəli kibermüharibə yarışı formatında yeni elementlər əlavə olunmaqla təşkili davam etdiriləcək. Layihənin ərsəyə gəlməsində dəstəyi olan tərəfdaşlara, sponsorlara, könüllülərə, eləcə də tədbirin işıqlandırılmasında dəstəyini əsirgəməyən media nümayəndələrinə, təşkilat komitəsinə öz təşəkkürümü bildirirəm”, - deyə İ.Musayev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi