​İlham Əliyev: "Bir malın qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə, bu, vicdansızlıqdır"

​İlham Əliyev: "Bir malın qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə, bu, vicdansızlıqdır" "Bu əməlləri törədən insanlar indi məsuliyyətə cəlb olunurlar"
İKT
12 Yanvar , 2016 07:13
​İlham Əliyev: Bir malın qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə, bu, vicdansızlıqdır

Bakı. 12 yanvar. REPORT.AZ/ "Bir malın qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir və bu əməlləri törədən insanlar indi məsuliyyətə cəlb olunurlar və bu, hamıya dərs olmalıdır, bütün qurumlara da dərs olmalıdır".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyevin yanvarın 10-da keçirilən Nazirlər Kabinetinin iclasında bildirib.

O qeyd edib ki, informasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində daha da ciddi addımlar atılmalıdır:

"Bu sektorun çox böyük potensialı var. Bu sahədə inkişaf müşahidə olunur. Ancaq bu sektorda da tam şəffaflıq təmin edilməlidir və dövlət bu sektorun inkişafından gələn xeyrini görməlidir. Çünki bu günə qədər ancaq dövlət investisiyaları qoyulur, kreditlər verilir, informasiya-kommunikasiya istiqamətində layihələr icra edilir. İki peykimiz var. Yəni, dövlət artıq bunun faydasını, gəlirini görməlidir. Amma əfsuslar olsun ki, bəzi hallarda gəlir başqa ciblərə gedir, dövlət xeyir götürmür, burada da tam şəffaflıq təmin edilməlidir. Arada gəzən şirkətlər burada əsassız qaydada böyük məbləğdə pul qazanırlar, onların fəaliyyəti dayandırılmalıdır. Yəni, bütün gəlirlər dövlətə, büdcəyə gəlməlidir və bunun hesabına informasiya-kommunikasiya texnologiyaları sektoru bundan sonra da inkişaf edəcək. Dövlət artıq bu sahəyə kifayət qədər, artıqlaması ilə vəsait ayırıb. Yoxlamalar göstərir ki, bu vəsaitdən vicdansızlıqla istifadə olunub. Burada israfçılıqdan söhbət getmir, burada böyük cinayətdən söhbət gedir. İndi prokurorluq ciddi məşğuldur. Bir malın qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir və bu əməlləri törədən insanlar indi məsuliyyətə cəlb olunurlar və bu, hamıya dərs olmalıdır, bütün qurumlara da dərs olmalıdır. Ona görə, əminəm ki, çox ciddi nəzarət belə halların təkrarlanmaması üçün yaxşı imkanlar yaradacaq".

Dövlət başçısı bildirib ki, "indi Azərbaycanda kompüter istehsalı başlanır. Bu da çox müsbət haldır və bizim intellektual potensialımızı göstərir. Eyni zamanda, onu göstərir ki, xarici firmalar buna maraq göstərirlər. Burada tam şəffaflıq yaradılmalıdır".

Son xəbərlər

Orphus sistemi