Hindistan hökuməti Çinin mobil tətbiqlərinə qarşı sanksiyaları sərtləşdirib və populyar “TikTok”, “Baidu”, “WeChat” da daxil olmaqla, 59 tətbiqin ölkə ərazisində istifadəsini həmişəlik qadağan edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Times of India” qəzeti Elektronika və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən məlumat yayıb.
“Keçən həftə 59 Çin tətbiqinə fəaliyyətlərinin Hindistanda həmişəlik qadağan olunduğuna dair rəsmi bildirişlər göndərilib. Çin tətbiqlərinə qarşı addımlar Hindistanın suverenliyinə və bütövlüyünə, habelə dövlət təhlükəsizliyinə və ictimai asayişə zərər verən fəaliyyətlərlə əlaqədar olaraq Hindistanın informasiya texnologiyaları haqqında qanunu əsasında atılıb. Qadağalar həmçinin Hindistan şirkətlərinin məlumatların toplanması və işlənməsi, bu məlumatların məxfiliyi və təhlükəsizliyini qorumaq üsulları ilə bağlı sorğularına cavab olaraq Çin şirkətlərinin reaksiyasına görə tətbiq edilib”, - nazirlikdən vurğulanıb.
Tam qadağa “Android” və “iOS” əməliyyat sistemlərində işləyən bir sıra Çin mobil tətbiqlərinin istifadəçilərinin fərdi məlumatlarından sui-istifadəsi ilə bağlı çoxsaylı şikayətlərə cavab olaraq tətbiq edilib. O cümlədən bəzi proqramların cihaz sahiblərindən şəxsi məlumatlarını topladığı və sonradan Hindistan xaricində yerləşən serverlərə ötürdüyü iddia edilirdi.