Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə, 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi seminar keçirilib.
İKT
18 May , 2023 17:44
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə, 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi seminar keçirilib.

“Report” xəbər verir ki, tədbiri giriş nitqi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev açıb.

O, Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün tarixinə nəzər salaraq xatırladıb ki, 2005-ci ildə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilib. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) 2006-cı ildə 17 may tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul edib. Həmin ildən etibarən hər il mayın 17-də BTİ-nin çağırışlarına müvafiq olaraq İnformasiya Texnologiyaları İnstitutunda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunur.

Tədbirin həm də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu söyləyən R.Əliquliyev Ümummilli Liderin ötən əsrin II yarısından Azərbaycanda informasiya cəmiyyətinin meydana gəlməsi, inkişaf etdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, bu istiqamətdə kadrların yetişdirilməsində əvəzsiz xidmətləri olduğunu xatırladıb.

Sonra alim Azərbaycanda süni intellekt texnologiyalarının meydana gəlməsi və inkişaf tarixi haqqında geniş məruzə ilə çıxış edib. Süni intellekt nəzəriyyəsinin təkamülü haqqında məlumat verərək ötən əsrin 40-cı illərində süni intellektlə bağlı irəli sürülən fantast mülahizələr və ideyalardan söz açıb.

Akademik tanınmış alim Alan Türinqin 1950-ci ildə çap etdirdiyi “Hesablama maşınları və intellekt” adlı əsərinin süni intellekt nəzəriyyəsinə əhəmiyyətli töhfə olduğunu bildirib. Eyni zamanda dünya şöhrətli alim, professor Lütfi-Zadənin 1950-ci illərdə süni intellekt məsələlərinə diqqət yönəltdiyini, bu sahədə ilk elmi əsərlərdən birinin Lütfi-Zadə tərəfindən 1950-ci ildə ABŞ-ın Kolumbiya Universitetində çap olunduğunu nəzərə çatdırıb. o qeyd edib ki, Lütfi-Zadənin 1965-ci ildə “qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq” nəzəriyyəsini irəli sürməsi süni intellektin inkişafında inqilabi dəyişikliyə səbəb olub.

“Maşın təlimi, dərin təlim, genetik alqoritmlər, qeyri-səlis məntiq, süni immun sistemləri, obrazların tanınması, süni neyron şəbəkələri və s. süni intellektin tərkib hissələridir”, - deyə akademik əlavə edib.

Azərbaycanda Lütfi-Zadə nəzəriyyəsinin formalaşması və inkişafı haqqında danışan AMEA-nın vitse-prezidenti Lütfi-Zadə – Azərbaycan əlaqələri, qeyri-səlis məntiq nəzəriyyəsinin davamçıları, Azərbaycan alimlərinin bu sahədə dünya elminə verdiyi töhfələrdən danışıb.

Alim 1960-1990 və 1990-2020-ci illərdə Azərbaycanda süni intellektin müxtəlif istiqamətləri üzrə aparılan araşdırmalardan, alimlərimizin əldə etdiyi mühüm nailiyyətlərdən də söz açıb. Eyni zamanda İnformasiya Texnologiyaları İnstitutunda intellektual elektron dövlətin formalaşması, informasiya təhlükəsizliyi sahəsində süni intellekt texnologiyalarının tətbiqi, neyroriyaziyyatın, obrazların tanınması, “Big data” analitikası, maşın və dərin təlimin elmi-nəzəri əsaslarının inkişafı istiqamətində əldə olunan nailiyyətlərin ölkəmizdə süni intellektin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.

Elmi seminarda AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev “Təbiətdən qaynaqlanan süni intellekt alqoritmləri” mövzusunda məruzəsini təqdim edib. Alim əvvəlcə süni intellekt və onun inkişaf mərhələləri haqqında məlumat verərək bildirib ki, süni intellekt üçün ilkin şərtlər 1943-1955-ci illərdə yaranıb. Süni intellekt Təbiətlə İKT arasında analoqların müəyyən edilməsi, Davranışın modelləşdirilməsi, İKT tətbiqləri üçün modelin sadələşdirilməsi və sazlanması kimi mərhələlərdən keçib.

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev təbiətdən qaynaqlanan alqoritmlərin təsnifatını təqdim edərək biologiya, fizika, kimya, riyaziyyat və digər elm sahələrindən qaynaqlanan alqoritmlər haqqında ətraflı məlumat verdi, hər birinə dair nümunələr təqdim edib.

Son xəbərlər

Orphus sistemi