“GSMA M360 Eurasia 2023” konfransında fintexlərin ödənişlərdə rolu müzakirə edilib

“GSMA M360 Eurasia 2023” konfransında fintexlərin ödənişlərdə rolu müzakirə edilib Mayın 16-17-si Bakıda keçirilmiş “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransının 2-ci günündə əsas müzakirə mövzusu maliyyə sektorunda rəqəmsallaşma zamanı təşəkkül tapmış fintexlərin ödəniş proseslərində oynadığı rol və yüksək ixtisaslı kadr bazasının f
İKT
24 May , 2023 16:15
“GSMA M360 Eurasia 2023” konfransında fintexlərin ödənişlərdə rolu müzakirə edilib

Mayın 16-17-si Bakıda keçirilmiş “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransının 2-ci günündə əsas müzakirə mövzusu maliyyə sektorunda rəqəmsallaşma zamanı təşəkkül tapmış fintexlərin ödəniş proseslərində oynadığı rol və yüksək ixtisaslı kadr bazasının formalaşması məsələləri olub.

Bu mövzular ətrafında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini icra edən İnarə Vəliyevanın, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklın (Sarah Michael), Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) MDB üzrə regional direktoru Nataliya Moçunun (Natalia Mochu), Azərbaycan Mərkəzi Bankının Baş direktoru Fərid Osmanovun, “Azercell Telekom” MMC-nin “Big data və təhlillər” və “Xüsusi layihələr” departamentlərinin direktoru Azad Hüseynovun, “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü Cəlal Orucovun, “Simbrella” şirkətinin fintexlər üzrə baş məhsul meneceri Selbin Ələkbərovanın və başqalarının çıxışları dinlənib.

İ.Vəliyeva rəqəmsal savadlılığı artırılmasının, xüsusən də regionlarla paytaxt Bakı arasındakı boşluğun aradan qaldırılması üçün ciddi addımlar atıldığını qeyd edib. Onun özlərinə görə, bu baxımdan “Technest” layihəsi və İsrailin “Tehnion” Universiteti ilə birlikdə Bakıda yaradılmış Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi xüsusi əhəmiyyət kəsb edir.

Təxmini hesablamalara görə, Azərbaycanda il ərzində dövlət və özəl sektorun texnoloji biliyə malik 8 000 kadra ehtiyacı yaranır. Bu gün bu tələbatın yalnız 3000-3500-ni ölkədəki universitetlər qarşılayır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəklədiyi adıçəkilən layihələr vasitəsi ilə isə hər il əmək bazarına təxminən 3 000 ixtisaslı mütəxəssisin cəlb edilməsi nəzərdə tutulur.

Dünya Bankı hesab edir ki, Azərbaycanda “ASAN Xidmət” və “DOST" mərkəzlərində göstərilən xidmətlərin rəqəmsallaşdırılmasının vaxtı çatıb və həmin xidmət mərkəzlərində insanların bu baxımdan maarifləndirilməsi sürətli effektiv nəticəyə nail olmağa imkan yaradacaq.

F.Osmanov isə fintexlərin rəqəmsal ödənişlərdə payının artmasını diqqətlə izlədiklərini və tənzimləyici olaraq bazarda azad rəqabət mühitinin formalaşmasında maraqlı olduqlarını qeyd edib.

Son hesabatlarda 2022-ci ildə qlobal fintex bazarının dəyərinin 194,1 milyard ABŞ dollarına çatdığı açıqlanıb. Mürəkkəb illik artım sürətinə əsasən, bu göstərici 2023-2028-ci illərdə hər il 16,8 25,18 % aralığında artaraq 2026-cı ildə 324 milyard dollar, 2027-ci ildə 405,58 milyard dollar, 2028-ci ildə 492,81 milyard dollar olacaq, 2030-cu ildə isə 0,5 trilyon dolları ötəcək. Digər mənbələr isə 2022-ci ilin sonuna qədər fintexlər vasitəsi ilə 8,4 trilyon dollarlıq əməliyyat aparıldığını göstərir.

Azərbaycanın ən uğurlu fintex layihələrindən biri olan “akart”ın da hər ay inkişaf edərək bazarda möhkəmlənməsi proqnozların özünü doğruldacağını göstərir. “Azercell Telekom”un departament direktoru Azad Hüseynov qısa zamanda bu məhsulun 85 mindən artıq müştərinin marağını cəlb etdiyini, son yarım il ərzində aylıq dövriyyənin 10 milyon manat civarında olduğunu qeyd edib. Onun sözlərinə görə, digər əhəmiyyətli məsələ odur ki, bu məhsuldan istifadə edənlərin təxminən 40 %-i Azərbaycanın regionlarında yaşayır. Bu isə təbii ki, regionlarda rəqəmsal savadlılığın və fintex bazarının güclənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ümumilikdə isə rəsmi Bakının iki gün ərzində ev sahibliyi etdiyi “GSMA M360 Eurasia 2023” konfransı qlobal trendlərin ölkəmizə daha tez ayaq açmasına, Azərbaycanda dövlət və özəl sektorun rəqəmsallaşma sahəsində yol xəritəsinin formalaşmasına mühüm töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi