Gəncədə “Aqrar İnnovasiya və Startaplar” forumu keçirilib

Gəncədə “Aqrar İnnovasiya və Startaplar” forumu keçirilib Gəncədə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Aqrar Startaplar Forumu keçirilib.
İKT
20 Dekabr , 2023 17:48
Gəncədə “Aqrar İnnovasiya və Startaplar” forumu keçirilib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin (AİM) birgə təşkilatçılığı ilə “Aqrar İnnovasiya və Startaplar” forumu keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə ölkənin müxtəlif yerlərindən 30-dan çox startap təqdim olunub.

Forumda çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, bu gün dünyada su və torpaq resursları öz istehsal imkanlarının təhlükəli həddinə yaxınlaşır. Dünya əhalisinin artımı ilə ərzağa tələbat artır, bu səbəbdən torpaq və su resursları üzərində təzyiq çoxalır. Qlobal iqlim dəyişikliyi, su çatışmazlığı və şoranlaşma böyük torpaq ərazilərinin əkin dövriyyəsindən çıxmasına səbəb olur. Bütün bunlar aqrar sahədə innovasiyaların tətbiqini daha da aktuallaşdırır.

“Ölkəmizdə aqrar startap ekosisteminin inkişafı, o cümlədən gənclərin innovativ ideyalarının reallaşması üçün əlverişli şərait qurulmuşdur. Qeyd etmək istərdim ki, nazirliyin təşəbbüsü ilə ölkəmizdə aqrar texnologiyaların tətbiqinə dair müxtəlif startap müsabiqələri, yarışma və hakatonlar keçirilir. Bu müsabiqələrin əsas məqsədi aqrar sahədə innovasiyaların təşviqi və tətbiqinə, innovasiyalar və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərməkdir. Həmçinin əlavə etmək istərdim ki, startapçılar bugün aqrar sahədə fəaliyyət göstərən qabaqcıl iri şirkətlərə öz layihələrini təqdim etmək imkanına sahibdirlər”, - deyə nazir əlavə edib.

ADAU-nun rektoru Zəfər Qurbanov çıxış edərək “Aqrar İnnovasiya və Startaplar” forumunun keçirilməsinin əhəmiyyətindən bəhs edib. Rektor deyib ki, bu cür tədbirlərin xüsusilə regionlarda həyata keçirilməsi bölgələrdə startapların inkişafına xüsusi təkan verəcək.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışlar ediblər.

Çıxışlardan sonra ADAU və aqrar startaplar haqqında videoçarx nümayiş olunub.

Daha sonra Anar Cəfərovun moderatorluğu ADAU-nun rektoru Zəfər Qurbanovun, “Caucasus Ventures” vençur fondunun rəhbəri Məmməd Kərimin, “KOİCA ODA Azərbaycan” layihəsinin rəhbəri Soo Hyun (Simon) Rhee və “Kök Projekt” şirkətinin həmtəsisçisi Semi Hakimin iştirakı ilə “Aqrar startaplar ekosisteminin vəziyyəti və çağırışlar” mövzusunda panel müzakirə keçirilib.

Forum günün ikinci yarısında aqrar sahədə uğur qazanmış startapların təqdimatı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi