Fərid Osmanov: "MyGov" platformasında 4 milyon istifadəçi var"

İKT
  • 01 sentyabr, 2026
  • 10:45
Fərid Osmanov: MyGov platformasında 4 milyon istifadəçi var

"MyGov" platformasından istifadə edənlərin sayı 4 milyona çatıb.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov qurumun jurnalistlər üçün təşkil etdiyi "Media üçün rəqəmsal səriştələr" adlı maarifləndirici tədbirdə bildirib.

Təqdim olunan xidmətlərin yalnız MyGov platformasından ibarət olmadığını xatırladan sədr eyni zamanda ayrı-ayrı qurumlarda göstərilən xidmətlərin, ümumiyyətlə, qurumların daxili informasiya infrastrukturlarının da rəqəmsallaşması və onların etibarlı-davamlı fəaliyyətinin təmin edilməsibin əsas iş prinsiplərindən biri olduğunu deyib: "Ona görə biz nazirliyin tabeli qurumu olaraq, ayrı-ayrı qurumlarla effektiv iş prinsipi həyata keçiririk. Hər bir qurum üzrə biz diaqnostika və qiymətləndirmə işləri aparıb yol xəritələri hazırlayırıq. Həmin yol xəritələrini də imzalayıb təsdiq edərək, icrasını birgə qarşılıqlı əməkdaşlıq çərçivəsində təmin edirik. Təbii ki, rəqəmsallaşma ilə yanaşı, eyni zamanda süni intellekt dövründə yaşayırıq. Hər bir prosesimizdə, gündəlik iş fəaliyyətimizdə ayrı-ayrı süni intellekt həllərindən istifadə edirik. Bu, bizə işlərimizin həm optimizasiyasında, həm də vaxtımızdan səmərəli istifadə edilməsində kömək edir. Bizim də burada qarşımızda duran əsas amal və prinsip məhz dövlət xidmətlərinin rəqəmsallaşmasında süni intellekt həllərinin tətbiqidir. Ümidvaram ki, növbəti sessiyalarımızda da məhz süni intellekt istiqamətində daha dərin təlimlərin və biliklərin ötürülməsinə fokuslanacağıq".

Onun sözlərinə görə, fəaliyyətlırinin mühüm istiqamətlərindən biri də startap ekosisteminin formalaşdırılmasıdır: "Kiçik və orta sahibkarlıq subyektlərinin innovasiya layihələrinin icrasına köklənməsi, onların xarici bazarlara rahat çıxışının və maliyyə vasitələrinin əlçatanlığının artırılması, eyni zamanda yetkin bilik-bacarığa malik insan kapitalına sahiblənməsi, iş imkanlarının formalaşdırılması əsas hədəflərimizdir. Hesab edirik ki, artıq hazırladığımız və ayrı-ayrı qurumlarla razılaşdırdığımız bir sıra qanunvericilik layihələri məhz bu innovasiya ekosisteminin formalaşdırılmasına ciddi töhfəsini verəcək".