İnnovasiya sadəcə bir söz deyil, o, bir ölkənin iqtisadiyyatının şah damarıdır, böyüməsi, rəqabət qabiliyyəti və maliyyə dayanıqlığı üçün katalizator rolunu oynayır.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən “İnMerge İnnovasiya Sammiti”ndə bildirib.
"İnnovasiya sahibkarlığı və iş yerlərinin yaradılmasını təşviq edir, istedadları və investisiyaları cəlb edir ki, bu da öz növbəsində iqtisadi inkişafa təkan verir. Bundan əlavə, innovasiya ölkələrə inkişaf edən qlobal bazarlara və texnoloji irəliləyişlərə uyğunlaşmağa imkan verir, onların dinamik iqtisadi mənzərədə davamlı aktuallığını və dayanıqlığını təmin edir. İnnovasiya müsbət təsir yaratmaq üçün yeni ideyaların düşünülməsi, inkişafı və həyata keçirilməsinin transformativ prosesidir. Bu sadə tərif üç mühüm aspekti özündə cəmləşdirir. Birincisi, innovasiya yeni ideya ətrafında formalaşır. Hər fikir innovasiyaya uyğun gəlmir. İdeyada innovasiya prosesinin unikallıq elementi olmalıdır. İkincisi, bu bir prosesdir. Əgər fərd yalnız fikir ortaya qoyursa, sonradan o həyata keçirilə bilmirsə əsl yenilik baş verməyəcək. Üçüncüsü, innovasiya bu vaxta qədər qarşılaşmadığımız ehtiyacı ödəmək və yaxud mövcud həlli təkmilləşdirməklə müsbət təsir göstərməlidir”, - deyə o qeyd edib.