Sabiq rabitə və informasiya texnologiyaları naziri, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov “Report”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Əli müəllim, ilk olaraq istərdim ki, hazırda rəhbərlik etdiyiniz AMEA-nın İdarəetmə Sistemləri İnstitutundakı (İSİ) fəaliyyətinizdən danışasınız. Hazırda institut hansı işləri görür?
- Planlaşdırırıq ki, gələn il institutumuzun 70 illik yubileyini keçirək. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası (AEA) yaranandan sonra bizim institutun tarixi 1953-cü ildə AEA-nın Neft Ekspedisiyası nəzdində Elektromodelləşdirmə laboratoriyasının yaranmasından başlanılıb. 2014-cü ildə isə adı dəyişdirilib İdarəetmə Sistemləri İnstitutu adlandırıldı.
İnstitut yarandığı tarixdən tədqiqat istiqaməti elektron hesablama qurğuları, texnoloji proseslərin idarəetmə sistemləri, idarəetmənin nəzəri problemləri və bir çox ölkə əhəmiyyətli layihələrin həyata keçirilməsi olub. Bu layihələrin siyahısına neft və qaz sənayesində istehsal proseslərinin avtomatlaşdırılması, Respublika Avtomatlaşdırılmış İdarəetmə Sistemləri, Azərbaycanda İnternetin yaranmasında iştirakı, müxtəlif təyinatlı hərbi sistemlər və s. daxil etmək olar.
İndiki zamanda institutda aparılan elmi-tədqiqat və tətbiqi işlərin əsasını mürəkkəb obyektlərin idarəolunması, siqnalların emalı, kibernetik sistemlərdə qərarqəbuletmə proseslərinin tədqiqi və avtomatlaşdırılması, süni intellekt metodlarının inkişafı və praktiki tətbiqləri, optimallaşdırma məsələləri və tətbiqləri kimi aparılan işlər təşkil edir. Aparılan tədqiqatlar 4-cü sənaye inqilabının çağırışlarının tələblərinə cavab verə bilən həllər çərçivəsinə istiqamətləndirilir.
“Süni intellekt”dən başlamış nanotexnologiya, kvant kompüterləri, bioloji sintez, 3D, 4D, 5D və hətta 6D çap texnologiyaları, 5G kommunikasiya texnologiyalarına qədər bütün vacib təşəbbüslər alimlərimizin diqqətindədir. Amma təbii ki, hazırda hamının daha çox maraqlandığı “süni intellekt”lə bağlı çağırışlardır. Çünki bu təkcə elmi, texniki problemlərin həllinə yox, cəmiyyətin fundamental düşüncəsinin dəyişməsinə yönəlib.
- Ötən ayın sonlarında Azərbaycan "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalına ev sahibliyi etdi və sizi də iştirakçılar arasında gördük. Festivalda hansı yenilikləri təqdim elədiniz?
- Bizim institut orada AMEA-nın təmsil olunan 6 institutundan biri idi və iki sərgi eksponatı ilə çıxış etdik. Bunlardan biri “pilotsuz uçuş aparatlarının idarəetmə sistemi” və həmin sistemi yerinə yetirən “bort" (uçuş) kompüteri idi. İnstitutumuzda uçuş aparatlarını idarə etmək üçün bort-kompüter yaradılıb. Bu İSİ-nin öz məhsuludur. Bizdə həm də Xüsusi Konstruktor Bürosu var ki, orada əsasən aparılan elmi-tədqiqatların alınan nəticələri təcrübi konstruktor prosesi həyata keçirilir. Xüsusilə qeyd etməliyəm ki, bu yaradılmış uçuş kompüteri AMEA-nın Yüksək Texnologiyalar Parkında hazırlanmış müşahidə təyinatlı “Şahin” pilotsuz uçuş aparatı üzərində sərgi eksponatı kimi təqdim olunurdu.
İkinci eksponatımız isə “süni intellekt”in köməyi ilə Azərbaycan dilinin emalı sistemi idi. Hazırda təbii dillərin emalı “süni intellekt”in əsas istiqamətlərindən biridir. Amma Azərbaycan dili o qədər də dünyada yayılmayıb. Haradasa dünyada 50 milyon civarında insan bu dildə danışır və bu təxminən onlardan 10 milyonunun dövlət dilidir.
Azərbaycan dili geniş yayılmış dil sayılmır və məhdud linqvistik informasiya resurslu dillər qrupuna daxildir. Ona görə də dünyanın aparıcı elmi-tədqiqat mərkəzləri bu dillərin üzərində "süni intellekt”in qurulmasına böyük investisiya yatırmırlar. Belə olduğu təqdirdə Azərbaycan dili üçün bu növ tədqiqatlar yalnız Azərbaycan dövlətinin marağında ola bilər.
Artıq 20 ildir bu istiqamətdə işlər aparılır və indi bizim əldə etdiyimiz nəticə budur ki, kompüter Azərbaycan dilini başa düşür, verilən suallara cavab verir. Festivalda bunun əsasında da qurulan robot operatoru nümayiş etdirdik. Hesab edirik ki, bu çox əhəmiyyətli nailiyyətdir. Qeyd edim ki, bu sistem Azərbaycanda yaradılmış startup “Robotroniks” şirkəti ilə birgə hazırlanıb.
- Bu layihələrin kütləviləşməsi üçün nə lazımdır?
- Biz bunu kimə təqdim ediriksə ilk olaraq onlar onu bəyənməli və qəbul etməlidir. Biz hazırda, “ASAN Xidmət”, Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə sıx işləyirik.
Bu gün mənim əvəzimdən bu suallara cavab verən sistem sabah mənim əvəzimdən fikirləşəcək. Təəssüf ki, bizim linqvistik informasiya resurslarımız azdır. Hazırda yaratdığımız sistem 300 milyon cümlə və 3 milyard söz birləşməsinin üzərində çalışır. Amma ingilis dilində bu rəqəm 3 trilyondur. Alimlərimiz yeni sistem üzərində işləyir. Belə ki, hazırda xarici dillərdə olan resursları öz dilimizə sistemin köməyi ilə tərcümə edib öz neyron şəbəkəmizdə öyrənmə prosesini aparırıq.
Hesablamalarımıza görə, 2030-cu ilə təxminən 60-70 % həmvətənimiz bu tip operatorların fəaliyyətindən istifadə edəcək.
Bir dəfə biz sınaqdan keçirdik. Süni intellekt mənim əvəzimdən 2 səhifəlik çıxış hazırladı. Çox uğurlu da alındı. Hətta şeir də yaza bilər. Amma biz istəyirik ki, süni intellekt bizim ədiblərimizi oxusun və bir Azərbaycan romanı yazsın.
- Layihənin investisiya dəyəri nə qədərdir?
- İnvestisiyanın həcmini hesablamaq çətindir, çünki əsas sərmayə insan kapitalıdır, bilikdir. Hazırda layihəmiz kommersiyalaşmağa gedir. İlkin olaraq müddətsiz lisenziyanın qiyməti təxminən 50 min manatadır. Belə deyə bilsək çox ucuzdur.
Amma xarici şirkətlərdə olsaydı bu daha çox vəsaitə başa gələrdi və həmin şirkətlərdən asılılığımızı artırardı. Onlarda belə bir praktika var. Təzəni çox baha satır, köhnəni də havayı verir. Bu da inkişafa mane olur.
- Siz uzun müddət Azərbaycan rabitə sektoruna rəhbərlik etmisiniz. Əgər müqayisə etsəniz, əvvəlki və indiki dövrün çağırışları arasında hansı fərq var?
- Vaxt keçdikcə çağırışlar da dəyişir. Əgər əvvəllər internetə çıxışın əldə edilməsi yaxud kompüter şəbəkəsinin yaradılmasını özümüz üçün böyük nailiyyət hesab edirdiksə, indi artıq “süni intellekt”in yaratdığı reallıqlar əsas çağırışlardır.
Əgər əvvəllər informasiya texnologiyalarının, şəhər və mobil telefonların, internetin, rəqəmsal televiziyanın inkişafı üçün çalışırdıqsa ölkəmizin özünün sürətli inkişafı nəticəsində bu gün həmin məsələlər artıq reallıqdır. İndi biz IV Sənaye İnqilabının tələbləri çərçivəsində öz inkişaf tempimizi saxlamağı bacarmalıyıq. Azərbaycanda bu gün bu mənada kifayət qədər inkişaf gedir. Necə ki, bu gün ölkəmiz inkişaf tempinə görə inkişafda olan ölkələrlə inkişaf etmiş ölkələr arasındadır və bu böyük nailiyyətdir.
Bu gün rəqəmsal texnologiyaların geniş tətbiqi nəticəsində insan fəaliyyəti hərtərəfli virtuallaşır və məsələn artıq kibercinayətkarlıq özü bir çağırışa çevrilib. Hesablamalara görə, 2025-ci ildə təkcəkiber cinayətlərdən dünya iqtisadiyyatı 6 trilyon ABŞ dolları zərər görəcək. Əgər kiberhücumların dinamikası belə davam etsə mən təsəvvür edə bilmirəm ki, dünya iqtisadiyyatı bundan hansı həcmdə zərər çəkəcək.
Adətən, kibercinayətlər hansısa saytlara yaxud məlumat bazalarına daxil olmaqla informasiyaların və ya vəsaitlərin dağıdılması yaxud oğurlanması kimi düşünürük. Amma indi proses süni intellektin yaxud robotların bizim xəbərimiz olmadan qərar qəbul etməsinə doğru gedir. Bu isə o deməkdir ki, hansısa böyük konfliktlərin hətta müharibələrin idarəolunması insanlar tərəfindən deyil, süni intellektə malik olan avtomatlar, robotlar tərəfindən həyata keçiriləcək. Əgər kiberhücumlarla avtomatik idarəetmə və qərar qəbuletmə prosesinə hücum olsa insanlar olaraq əlacsız şəkildə onun nəticələrini gözləməyə məcbur olacağıq.
Yəqin ki, bir zaman gələcək qlobal müharibələrin başlanması insanlar deyil, insanlar tərəfindən hazırlanan maşınlar tərəfindən olacaq. Bu gün insan əlindən çıxmış kibernetik və ya avtomatlaşdırma sistemini insan idarə edə bilir və onunla bağlı istədiyi qərarı qəbul edə bilər. Ən qorxulusu odur ki, qərar həmin sistemlərdə də maşınlar, robotlar tərəfindən qəbul edilməsinə doğru gedir. Hesab edirəm ki, bu baxımdan bütün dünya alimləri elmin inkişafında ehtiyatlı olmalıdırlar.
- Elmdən danışarkən bir məsələni də dəqiqləşdirim. Sizi əksər insanlar məmurdan daha çox müəllim kimi qəbul edirlər. Elə sizinlə müsahibə üçün danışanda da dediniz ki, universitetdə işləriniz var. Harada və hansı ixtisas üzrə dərs deyirsiniz?
- Mən hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rəqəmsal iqtisadiyyat və tətbiqi informatika kafedrasının ştatdan kənar müdiriyəm. Mən nazir vəzifəsinə də elm və təhsildən gəlmişəm. İcazə verin izah edim, niyə müəllimlik fəaliyyətimdən əl çəkməmişəm?!
İndi biz araşdırmalar aparırıq, innovativ inkişaf üçün nə lazımdır? Ümumiyyətlə indi inkişafın bir modeli var, buna deyirik Dövlət-Özəl Əməkdaşlığı (Public Private Partnership – PPP). Bizim fikrimizlə innovativ inkişaf üçün indi bura bir komponent - “Akademik” də lazımdır ki, olsun PPAP.
Məhz “TEKNOFEST Azərbaycan” festivalı da təkcə “Dövlət-Özəl-Akademik Əməkdaşlıq” cəhətdən deyil, həm də nəsillərin, yəni gənc nəsillə yaşlı nəslin əməkdaşlığı baxımından da əhəmiyyətli idi. Məhz universitetlərlə əlaqələrin qurulmasında PPAP modeli çox köməklik göstərir. Məsələn, təkcə ötən il 150-dən çox universitet tələbəsi İSİ-də özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində tədris təcrübəsi keçdilər və onlar artıq real işə yaxınlaşırlar.
Dediyiniz kimi məni əksəriyyət müəllim kimi tanıyır. Müəllimin ən böyük vəzifəsi nədir? Onun ən böyük vəzifəsi tələbələrinin yetişdirilməsidir. Əgər sən lazımi biliyi ona verə bilmirsənsə, tələbən səndən irəli getmirsə deməli yaxşı müəllim deyilsən. Ona görə də biz universitetlərlə əlaqələrimizə xüsusi diqqət veririk.
- İndi neçə tələbəniz özünüz dediyiniz kimi sizdən irəli gedib və yüksək vəzifələrdədir? Yeri gəlmişkən məlumatlardan belə aydın olur ki, Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də sizin tələbələriniz sırasındadır.
- Rəşad Nəbiyev haqqında danışsaq deməliyəm ki, onun nazir təyin edilməsi cənab Prezident tərəfindən çox uğurlu və yerində verilən qərardır. Nazirimizin uğurlarını “Azərkosmos”da, ondan öncə də keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Maliyyə və analiz departamentinin rəhbəri vəzifəsində çalışarkən görmüşük. Azərbaycan və ABŞ təhsilli bir gəncdir və çox yaxşı başlayıblar. Belə də davam etsinlər. İndi Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin hazırladığı Rəqəmsal Transformasiya konsepsiyası gələcək inkişaf üçün vacib yol xəritəsidir. Bu istiqamətdə nazirliyin 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə sıx əməkdaşlığını yüksək qiymətləndirirəm.
Ümumiyyətlə isə təxminən 300-ə yaxın gənc İT və yaxın sahələrdə təhsil almaq üçün nazirlik tərəfindən xaricə göndəriliblər. Xaricdə görüşəndə yaxınlaşırlar, özlərini təqdim edirlər və onların uğurlarını görəndə çox şad oluruq.
Bilirsiniz, Təhsil Nazirliyinin xüsusi proqramı var idi. İndi də növbəti mərhələsi davam edir. Hansı ki, gənclərin xaricdə təhsili ilə bağlı məsələlərlə bağlıdır. Cənab Prezident gənclərin təhsilinə, onların bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verir. Müvafiq dövlət proqramları bunu təsdiq edir.
Biz də çalışmışıq ki, bu proseslərə texniki tərəfdən kömək edək. Mən Azərbaycan Dövlət İqtisad Universitetində rektor olanda yaxud nazir kimi çalışanda bəzən bizə deyirdilər ki, “Onları xaricdə oxumaq üçün göndərirsiniz. Gedib oxuyub xaricdə qalacaqlar”.
Amma biz razılaşmırdıq. Çünki, hesab edirdik ki, onlardan bir qismi xaricdə qalsa bu Azərbaycanın intellektual diasporunun formalaşması deməkdir. Harada olur olsun, hər bir azərbaycanlının oxumağına ancaq müsbət qiymət verilməlidir.
Hazırda həm vəzifədə olan, həm də alim kimi fəaliyyət göstərən belə tələbələrimiz çoxdur.
- Ümumiyyətlə gənclərimizin elmdə rolunu necə qiymətləndirirsiniz? Onlar indi özəl sektorda çalışmağa daha çox üstünlük verirlər. Sizin institutda gənclərlə işləməkdə problem olurmu?
- Çox vacib bir məsələyə toxunursunuz. Bu gün, ümumiyyətlə son zamanlar elmin inkişaf səviyyəsi, gələcəyi dövlətimizi, cəmiyyətimizi və gənclərimizi maraqlandırır. Akademiyada da bu sual prioritet məsələ sayılır. Bizim institutun nümunəsində, biz hesab edirik ki, bu sualın cavabı fundamental və tətbiqi elmlər üçün fərqlidir. Nəzərə alaq ki, fundamental elmlər ümumi elm korpusunun təxminən 20-25 %-ni təşkil edir və fundamental tədqiqatlar nəzəri xarakter daşıyır və uzunmüddətli tətbiq prosesidir. Amma tətbiqi elmlərin ən vacib göstəricisi onun nəticələrinin praktikaya tətbiqidir və bu sahəyə gənclər daha çox maraq göstərir. Dünyada bu proses “Müqəddəs üçbucaq” - “Universitet( akademik potensial)-Dövlət-Sənaye” modelinə əsaslanır və 3 sütun üzərində qurulur: insan (bilik) kapitalı-əlverişli mühit-maliyyə resursları. Bu gün Azərbaycanda Akademiya və universitetlərdə bilik kapitalı kifayət qədər formalaşır. Dövlət tərəfindən yaradılan xüsusi iqtisadi zonalarda, texnoparklarda və s. əlverişli mühit (vergi və gömrük rüsumlardan azadolma, iş sahələrinin ayrılması, müvafiq infrastrukturla təmin olunma və s.) yaradılır. Lakin 3-cü sütun - maliyyə resurslarına çıxış inkişaf etmiş ölkələrlə müqayisədə kifayət deyil.
İnkişaf etmiş ölkələrdə startaplar, “Unicorn”ların (dəyəri 1 milyard ABŞ dollarından çox olan startaplara deyilir) əsas maliyyə tərəfi ya böyük özəl şirkətlər, iri korporasiyalar, ya dövlət subsidiyaları, ya bankların ayırdıqları kreditlər, ya fond bazarlarından ayrılan vəsaitlər yəni “venture” fondlarda olan vəsaitlərdir. Bu üç sütun bir yerə toplananda onun qabağında durmaq mümkün deyil. Yeni biznes quran insanın “Venture” kapitala çıxışı olmalıdır.
Bu gün dünyada cəmi 1000-ə yaxın “Unicorn” var ki, onların da 70 %-i ABŞ-ın payına düşür. Çünki, ABŞ-a yaradılan şəraitə görə beyin axını var. Həm də ABŞ-da güclü maliyyə sistemi var. Bu ölkədə 0,1 %-lə kredit götürmək mümkündür, “Venture” fondlara əlçatanlıq var. Əsasən də belə riskli vəsaitləri “Microsoft”, “Amazon”, “Apple” kimi şirkətlər xərcləyirlər. 2021-ci ildə elmə “Amazon” 43 milyard ABŞ dolları, “Huawei” isə 23 milyard ABŞ dolları yatırıb. “Amazon”un elmə yatırdığı investisiya MDB ölkələrinin hamısının bu gün birlikdə elmə yönəltdiyi vəsaitdən çoxdur.
İndi bizim institut bəzi özəl şirkətlərlə əməkdaşlıq müqavilələri əsasında birgə işlər aparır və AMEA-nın Yüksək Texnologiyalar Parkının güzəştlərindən istifadə edir.
- Əli müəllim, bəs dövlət sifarişləri neçə elmi-tutumlu layihələrin maliyyələndirilməsinə kömək edə bilər?
- Bayaq qeyd etdiyim kimi institutumuzun Xüsusi Konstruktor Bürosu var və o, özünü maliyyələşdirən qurumdur. Tez-tez Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ona sifarişlər verir. Hansı ki, onların gördüyü işlər də elmi əsaslı işlərdir. Xüsusi Konstruktor Bürosunun gördüyü işlərdən biri də bizim “Azərenerji” və digər böyük təşkilatlarda istifadə olunan xarici məhsul SCADA sistemlərinə oxşar tam milli idarəetmə sistemidir. Tezliklə onu da ictimaiyyətə təqdim edəcəyik.
SOCAR-dan danışarkən qeyd edim ki, hər il şirkət alimlərə qrantlar verir. O bilir ki, bu qrantlardan əldə edilən nəticələr dolayısı yolla müəssisənin inkişafına xidmət edir. Əgər hər 10 qrantdan ikisinin nəticəsi uğurlu olursa bu böyük nailiyyətdir. Həmçinin belə qrant məsələlərində Elmin İnkişafı Fondu ilə də aktiv işləyirik. Xüsusən də Qarabağın inkişafında bir sıra layihələr reallaşdırırıq.
- Qrant demişkən, siz nazir olanda da İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İT Fondu) var idi. Hansı ki, Fond müxtəlif layihələrə qrant paylayırdı. Dəstək görən layihələrdən uğurlu nəticəsi olan oldumu?
- Mən nazir vəzifəsindən azad ediləndən 5 il sonra da o Fond fəaliyyətini davam etdirdi. Amma bu o demək deyil ki, mən yaxamı kənara çəkməliyəm. Xeyr. Onda sual yaranır ki, bizim gözlədiyimiz nəticə nə idi? Əslində İT Fondunun işi çox düzgün təşkil edilmişdi. Bu “Venture” yəni riskli kapital idi və bu baxımdan xərclənən vəsaitlər risk altında idi. İT inkişafı Dövlət Fonduna 2013-2015-ci illər ərzində 10 milyon manat ayrılmışdır. Fond əsasən innovativ inkişaf üçün startap şirkətlərinə qrantlar və güzəştli kreditlər ayırırdı. Qrantlar ümumi vəsaitin təxminən 15 %-ini təşkil edirdi, qalan vəsait kreditlərə xərclənilirdi, güzəştli şərtlərlə, illik 3-5 %-lə. O zaman üçün bu çox əlverişli şərtlər, faizlər sayılırdı. Fondun verdiyi kreditlər vaxtında qaytarılırdı və bundan bir neçə gənc şirkət faydalanırdı. Bizim dövrdə Fond yoxlanıldı, amma ciddi nöqsanlar aşkar edilmədi.
Bu gün hansı startap şirkətlərin ki, yaxşı göstəricisi var bəlkə də bəziləri bizdən qrant və güzəştli kredit alanlardırlar.
- Bəs Mingəçevirdəki “Kür” kompüter zavodu və nazirliyin tabeliyindəki Yüksək Texnologiyalar Parkı (YT Park) niyə uğursuz oldu və müəssisə isə sonra bağlandı?
- Biz Mingəçevir kompüter zavodunda Azərbaycanda ilk dəfə olaraq “Kür” markalı kompüterlərin istehsalına başladıq. Zavod Azərbaycan bazarında kifayət qədər fəal və fəaliyyəti uğurlu oldu. Ümumtəhsil orta məktəblərin kompüterlərlə təchizi dövlət proqramı çərçivəsində “Kür” zavodu tərəfindən yerinə yetirildi. Digər bir məhsul görməqüsurlu insanlar üçün səslə işləyən “Dilmanc” mikrokompüterlər oldu və s. Zavod ona qoyulan investisiyaları təxminən elə həmin müddət qaytardı.
Əgər sonra zavod kompüter istehsalını dayandırmasaydı, bəlkə də indi normal istehsal var idi. Hətta yüksək sürətli ixtisaslaşmış kompüterlər də istehsal edə bilərdik.
Nazirliyin tabeliyində olan Pirallahı Yüksək Texnologiyalar Parkı isə o zaman yeni yaradıldı, indi də işini davam etdirir. Parkın indiki vəziyyətindən isə məlumatlı deyiləm.
- 2017-ci ildə AMEA-nın tabeliyindəki YT Parka rəhbərlik etməyə başladınız. Amma oranın da rezidentlərinin vəziyyəti ürəkaçan deyil.
- Mən 2017-ci ildə AMEA-ya müşavir təyin olunmuşam, sonra isə 2020-ci ildə AMEA-nın Yüksək Texnologiyalar Parkına baş direktor təyin olundum. Orada cəmi 5 ay işlədim. Yəqin ki, mənimlə razılaşarsınız, 5 ay Texnoloji Parkda ciddi işlər görmək üçün çox az müddətdir.
Bilirsiniz, biz həmişə tənqidə meyilliyik. Amma deyərdim ki, Azərbaycanda texnoloji parklarda vəziyyət heç də pis deyil. Sizi başa düşürəm. Düzdür, biz İKT sahəsində dünya bazarına çıxara biləcəyimiz texnoloji tutumlu və qlobal rəqabətə davamlı məhsulumuz yoxdur.
- Amma qonşularımızda var...
- Mən elə deməzdim. Gürcüstanda azad zonalar, texnoparklar bir qədər bizdən öncə yaranıb. Ermənistanda isə görüntülər yaratmaq istəyirlər, bunun da səbəbi erməni diasporudur. Amma yenə təkrar edirəm ki, biz qonşularımızdan irəlidəyik. İKT sahəsində beynəlxalq statistik göstəricilər bunu təsdiq edir.
Əgər qonşularımızla müqayisə olunuruqsa, icazə verin qısa öz fikrimi deyim. Əhaliyə verilən İKT xidmətləri sahəsində Azərbaycan MDB ölkələri arasında 1-ci - 2-ci yerləri bölüşdürür. O ki qaldı regional qonşularımıza, Yaxın Şərq ölkələri ilə də müqayisədə biz demək olar ki, liderlik səviyyəsindəyik. Əgər yüksək texnoloji tutumlu məhsulların bazarlardakı yerindən danışırıqsa, bu istiqamətdə qeyd olunan region həmişə geridə olub. Ona görə də biz sizinlə qeyd etdik bu sahənin inkişafı üçün "Dövlət- Özəl-Akademik" modelini tətbiqi zamanı maliyyə resurslarından istifadənin optimal variantlarını seçməliyik.
- Qərbdə belə bir ənənə var ki, yeni komanda vəzifədən azad olunan şəxslə daim təmasda olur və onun təcrübəsindən ən azından ekspert səviyyəsində istifadə edir. Siz çıxarılandan sonra necə oldu?
- Yəqin düşünürlər ki, “nə edə bilmisənsə hamısı göz qabağındadır. Bundan sonra da biz edəcəyik”. Cəmiyyətimizdə formalaşmış fikir var ki, kimsə vəzifədən çıxdı ondan uzaqlaşırlar. Bu baxımdan qurumlarda olan insanlar da bəzən elə düşünür. Amma işdən çıxanların və həmçinin yaşlıların da fikrini öyrənmək, onlardan məsləhətçi kimi yararlanmaq olar. Məsləhəti dinləyib öyrənmək olar. Sonda isə qərar qəbul edən şəxs son qərarı özü verir.
Lakin mənə münasibət normal olub. Vəzifədən azad edildikdən sonra, 2017-ci ildə AMEA-ya müşavir kimi gəldim və gördüyünüz kimi indi də İdarəetmə Sistemləri İnstitutunda işlərimi davam etdirirəm.
- Sizin nazir olduğunuz dövrdə və sonrakı dövrlərdə də ən çox narazılıq olan məsələlərdən biri də İnternet provayderlərin fəaliyyəti olub. Xüsusən də dövlətə məxsus provayderin bazarda inhisarçılığı narazılıq yaradır. Sizcə həqiqətən “Aztelekom”un monopoliyası varmı?
- Monopoliya haqqında danışanda qəbul etməliyik ki, bazar iqtisadiyyatında həmişə hər yerdə monopoliya olub. Bu gün ABŞ-da 500 ən güclü şirkət (Fortune 500) ÜDM-in 75 %-ə malikdir. Buna təbii monopoliya kimi baxılır. Azərbaycanda İnternet provayderlər bazarında vəziyyət pis olmayıb. 2015-ci ilə təxminən 40-a yaxın provayderlər olub. Bu fəaliyyətə heç bir lisenziya tələb olunmurdu, indi də tələb olunmur. Amma düzdür topdan satış (backbone) İnternet xidməti təqdim edən yalnız bir şirkət var idi - "Delta Telecom", sonradan bazara ikinci şirkət daxil oldu - "Azərtelekom" bazara daxil oldu və rəqabət mühiti yarandı.
Ancaq "Aztelekom" dövlət şirkətidir və rabitə ölkənin strateji və milli təhlükəsizlik atributlarından biri kimi qəbul olunub və bu baxımdan müstəqilliyimizin ilk dövründə özəlləşməyə çıxarılmayıb, necə ki, məsələn enerji obyektləri kimi. Yəni "Aztelekom"un inhisarlığı, dövlət inhisarlığıdır. Amma bazar iqtisadiyyatının ölkədə inkişafı dərinləşdikcə özəlləşmə prosesi də reallaşmağa başlayır. Sonradan mobil sektorun inkişafı göstərdi ki, rabitənin özəl sektorda olması daha səmərəli və etibarlı ola bilər. İnanıram ki, dövlətə məxsus rabitə operatorları da, o cümlədən "Aztelekom" tədricən özəlləşdiriləcəkdir.
Düzdür "Aztelekom" bazarın tənzimlənilməsinə məsul olan hökumət qurumunun tabeliyindədir və rabitə xidmətlərinin verilməsində bazarda digər oyunçularla müqayisədə müəyyən imtiyazlara malikdir.
Bizim dövrdə bu problemi biz həll edə bilmədik. İnanıram ki, nazirliyin indiki rəhbərliyi bu problemi tezliklə həll edəcək və ümumiyyətlə telekommunikasiya və informasiya texnologiyaları bazarında əsl ədalətli rəqabət mühiti yaradacaqdır.
Hələ o vaxt bizə cənab Prezidentin tapşırığı o idi ki, İKT bazarında normal rəqabəti təmin edən mühit yaradılsın. Onun üçün özəlləşmələr həyata keçirilməli idi.
Bilirsiniz, bir məqamı da nəzərə almaq lazımdır ki, böyük dövlət müəssisələrinin, o cümlədən də "Aztelekom"un özəlləşdirilməsi nəticəsində çoxsaylı işçilərin ixtisarı da gözlənilə bilərdi. Bu məsələdə çox ehtiyatlı olmaq lazımdır. Biz bilirik ki, dövlətimizin siyasətinin, şəxsən Prezidentimizin bir nömrəli tələbi vətəndaşların hüquqlarının qorunması və sosial müdafiəsinin təminatıdır. Xahiş edirəm məni başa düşəsiniz ki, bu sual da bizi çox ehtiyatlı olmağa məcbur edirdi.
Lakin bu sual "Aztelekom"un nümunəsində hələ də açıq qalır.
Onu da qeyd edim ki, “Aztelekom” elə bir təşkilatdır ki, onun özəlləşməsi elan olunan kimi xaricilər də müraciət edə bilərdi. Amma biz istəyirdik onu əsasən yerli sahibkarlar özəlləşdirsin və o vaxt da dövlət operatorunu almaq iqtidarında olan yerli investor yox idi. Əgər özəlləşmə olsaydı xaricilər alacaqdı, rabitə strateji sahə olduğu üçün onun yerli investorlar tərəfindən özəlləşdirilməsinə üstünlük verilməsi məqsədəuyğun hesab edilir. Baxın, bizə əsas mane olan da investisiya imkanlarına malik yerli sərmayədarların olmaması idi.
Bəzi yerli şirkətlər istəyirdi alsın. Amma investisiya üçün bank kreditləri almaq niyyətində idi. Bəzən də güzəştli bank kreditlərini ya ala bilmir, ya da ondan lazımi qaydada istifadə edə bilmirdilər.
- “Aztelekom”un investisiya dəyəri nə qədər idi. Təxminən 1 milyard ABŞ dolları olardımı?
- O vaxt onun illik dövriyyəsi təxminən 130 milyon ABŞ dolları idi. Onun bazar qiyməti isə təxminən 500 milyon ABŞ dolları olaraq qiymətləndirilmişdir. Heç o vaxt həmin şirkəti o qiymətə alan da yox idi. Əgər yerli şirkət onu alsa idi ona böyük güzəştlər olacaqdı. Təxminən 20 il müddətində o dəyəri ödəmə imkanı da qazana bilərdilər.
- Müsahibəmiz çox geniş oldu. Amma nəsə əlavə etmək istəyirsinizmi?
- Xeyir, siz çox geniş müsahibə götürdünüz, məni o illərə qaytardınız. Hesab edirəm ki, lazım olan ciddi sualları müzakirə etdik. Sizə və report.az saytının bütün kollektivinə öz minnətdarlığımı bildirirəm.