Əli Abbasov: "İşğaldan azad edilmiş ərazilərdə PUA-lara nəzarət edəcəyik"

Əli Abbasov: "İşğaldan azad edilmiş ərazilərdə PUA-lara nəzarət edəcəyik" Sabiq rabitə və yüksək texnologiyalar naziri, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov “Report”a müsahibə verib. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı və son zam
İKT
28 Noyabr , 2022 15:21
Əli Abbasov: İşğaldan azad edilmiş ərazilərdə PUA-lara nəzarət edəcəyik
Əli Abbasov

Sabiq rabitə və yüksək texnologiyalar naziri, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov “Report”a müsahibə verib. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı və son zamanlar regionda və dünyada baş verən proseslər və Azərbaycanın bu proseslərdə iştirakı ilə bağlı fikirlərini bölüşüb.

Həmin müsahibəni təqdim edirik.

- Əli müəllim, noyabrın 16-da ölkə başçısı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiq etdi. Sizin institut bu proqram çərçivəsində hansı işlərin görülməsini planlaşdırır?

- Bu Dövlət Proqramı öz əsasını “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamından götürüb. Bildiyiniz kimi burada 5 prioritet var və onlardan 4-sü işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa həsr edilib. Bu ilin yayında imzalanan “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da bildirilirdi ki, belə bir proqram hazırlansın.

Çox yaxşı ki, noyabrın 16-da artıq “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edildi. Bu proqramda bütün lazımi dövlət, özəl və akademik qurumların iştirakı müəyyən olunub. Kifayət qədər əhatəli və mükəmməl proqramdır.

Artıq 2 ildir ki, biz də bu istiqamətdə müəyyən işlər görürük. Bildiyiniz kimi, İdarəetmə Sistemləri İnstitutunda bir neçə gün öncə Azərbaycan Elm Fondu ilə Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş “Qarabağ Azərbaycandır!” qrant müsabiqəsinin qaliblərindən biri oldu. Həmin müsabiqəyə təqdim edilmiş 8 layihə seçildi ki, onlardan 2-si də bizim institutun əməkdaşlarının iştirakı ilə hazırlanmışdı.

Bu layihələrdən birincisi pilotsuz uçuş aparatlarının azad olunmuş ərazilərdə uçuşunun tənzimlənməsi və monitorinqi ilə bağlıdır. İkinci layihə isə özəl şirkətlə birlikdə azad edilmiş ərazilərdə əşyaların interneti texnologiyası əsasında innovativ sistemin yaradılmasıdır. Hansı ki, bu həmin ərazilərdə “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyasının icrası üçün xüsusi əhəmiyyət kəsb edir.

Hər iki layihənin hər biri üçün ayrılıqda 190 min manat ayrılıb və dekabrın 1-dən maliyyələşmənin başlayacağı gözlənilir.

Bu iki layihə ilə yanaşı bizim üçüncü bir işimiz var. Belə ki, institutumuzun əməkdaşları tərəfindən pilotsuz uçuş aparatları vasitəsi ilə azad edilmiş ərazilərdə müşahidələrin aparılması və xəritələrin çəkilməsi həyata keçiriləcək. Sonradan isə o xəritələrdən biz müxtəlif mülki məqsədlər üçün istifadə edə biləcəyik.

Düzdür “Azərkosmos”un da peykləri vasitəsi ilə də xəritələrin çəkilməsi həyata keçirilir. Sadəcə fərq ondan ibarətdir ki, bizim PUA-lar yerə daha yaxın məsafədən bu çəkilişi həyata keçirəcəklər. Bu isə təbii ki, mülki məsələlərin həllində fotoların emalı baxımından da yaxşıdır.

Son zamanlar dronların istifadəsi ilə bağlı məsələlər xüsusi əhəmiyyət daşımağa başlayıb. Bir sıra qurumlar, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi gördüyü işin effektivliyini artırmaq üçün PUA-ların istifadəsini həyata keçirir. Bu baxımdan bizim orada həyata keçirəcəyimiz layihənin icrasına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və başqa bu kimi qurumlar dəstək verir.

Ölkə başçısının təsdiq etdiyi proqramın həm də maliyyə istiqamətləri var. Burada söhbət həm dövlət investisiyalarından, müxtəlif fondlardan, həm də daxili və xarici özəl sərmayələrdən gedir. Bu baxımdan da bizim iki müxtəlif maliyyə institutu ilə də əlaqəmiz var.

"Böyük qayıdış" dedikdə burada əsasən insanlarımızın həmin ərazilərə qayıdışı, orada onlara müasir və innovativ dövlət və özəl xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Təbii ki, ağıllı qərarların verilməsi və ağıllı texnologiyaların tətbiqi üçün mütləq informasiya, məlumatların toplanması lazımdır.

Bizim Qarabağda gördüyümüz və görəcəyimiz işlər artıq I Dövlət Proqramının fəaliyyət istiqamətlərində öz əksini tapıb.

- “Azərkosmos”a məxsus peykdən çəkilmiş şəkillər və xəritələr də var və qurum da rəsmən elan edir ki, bu xəritələrdən müxtəlif qurumlar istifadə edə bilər. Bəs sizin hazırlayacağınız xəritələrin fərqi nədir?

- Çox maraqlı məsələyə toxundunuz. Düzdür, şəkli çəkmək asandır. Hətta siz onu mülki məqsədlər üçün başqa peyklərdən də ala bilərsiniz. Amma əsas məsələ onu düzgün emal etməkdir. “Azərsky” peykinin ərazinin fotolarını orbital məsafədən çəkdiyi halda, müasir dronlar bu işi daha aşağı məsafədən görə bilir. Biz “Azərsky” peykinin çəkdiyi fotolardan da istifadə edirik. Amma hər hansı dəqiqləşdirməyə ehtiyac olanda dronlarımız həmin ərazinin görüntüsünü 5-20 metr yüksəklikdən çəkmək qabiliyyətinə malikdir.

- Bu proqramın icra edilməsi azad edilmiş ərazilərə qayıdıb orada yaşayacaq sadə vətəndaşlarımız üçün hansı əhəmiyyəti olacaq?

- Bayaq qeyd etdiyimiz kimi dronlarla bağlı icra edəcəyimiz bu layihənin ilk təsiri kənd təsərrüfatı sahəsində özünü göstərəcək. Bu gün kənd təsərrüfatı sektorunda elə aqrotexniki işlər aparılır ki, onlar mütləq ölçülməlidir. Bura torpağın münbitliyinin təyini, əkin sahələrinin əkin məhsulları arasında düzgün bölüşdürülməsi, kübrələnmə, otlaq sahələrinin müəyyənləşdirilməsi və başqa məsələlər daxildir.

Ölkəmizin qarşılaşdığı ən böyük çətinliklərdən biri də su ehtiyatı ilə bağlıdır. Məsələ orasındadır ki, ölkəmizə daxil olan şirin su ehtiyatlarının əksəriyyəti qonşu ölkələrdə formalaşır. Cənab Prezident də çıxışlarında sudan düzgün və qənaətli istifadə ilə bağlı məsələlərə toxunub. Məhz bu baxımdan layihəmizdən “Meliorasiya və Su təsərrüfatı” ASC-nin və “Azərsu” ASC-nin də yararlana biləcəyini düşünürəm. Artıq biz su ehtiyatlarından, düzgün, səmərəli və qənaətli istifadə ilə bağlı təkliflərimizi də vermişik.

Həmçinin bizim dronlar vasitəsi ilə çəkəcəyimiz fotolar Fövqəladə Hallar Nazirliyinə (FHN) imkan verəcək ki, baş verə biləcək sel, daşqın, yanğın və sair fövqəladə hallara qarşı hazırlıqlı olsunlar və fəlakətin nəticələrini də səmərəli üsullarla qarşılasınlar.

Nəhayət ağıllı sistemlərin quraşdırılması insanların gündəlik həyat şəraitinin asanlaşmasına şərait yaradacaq. Sensorlardan ötürülən məlumatların düzgün emalı nəyinki su ehtiyatlarından, həmçinin elektrik enerjisi, təbii qaz və başqa vacib məsələlərdən düzgün istifadəyə şərait yaradacaq.

- Əli müəllim, rəhbərlik etdiyiniz institut həm də süni intellektin və maşın dilinin öyrənilməsi ilə məşğuldur. Hazırda bu sahədə nəyə nail olmusunuz?

- Əslində, qeyd etdiyiniz bu sistemin Böyük Qayıdışa dair I Dövlət Proqramına da aidiyyatı var. Bu gün dünyada istifadə edilən “Amazon”un “Alexa”, “Apple”ın “Siri”, “Microsoft”un “Cortana” və “Google assistant” kimi sistemlər yalnız məhdud sayda dildə informasiyaları emal edə bilir. Təəssüf ki, onların arasında Azərbaycan dili yoxdur. Amma bizim institutumuzun illərdir üzərində işlədiyi layihədə isə robot yəni kompüter insan dəstəyi olmadan sualları cavablandırır. İlk olaraq biz onu çağrı mərkəzində sınaqdan keçirmişik. Hazırda “ASAN Xidmət”, “DOST Xidməti” və rabitə mərkəzlərində bu sistem sınaqdan keçirilir və oradan aldığımız irad və təklifləri də nəzərə alıb məhsulumuzu üzə çıxaracağıq. Hətta türkdilli ölkələrin mütəxəssis və alimləri ilə danışıqlar aparırıq ki, ortaq türk dilində olan versiyasını da buraxaq.

Azad edilmiş ərazilərdə yaşayacaq vətəndaşlarımıza xidmət göstərəcək mərkəzlərdə süni intellekt əsasında hazırladığımız bu məhsulumuzu təqdim etmək istəyirik.

Hazırda süni intellekt elə sürətlə inkişf edir ki, artıq onlar avtonom idarəetmə sisteminə keçir. Yənin qərarları, əmrləri süni intellekt özü qəbul edir. Həmin əmrlər insan maraqlarına zidd olsa bu bizi ondan ehtiyatlanmağa vadar edir. Elə qeyd etdiyim birinci layihədə PUA-ların monitorinqi və fəaliyyət tənzimləməsində bu məsələ öz həllini tapmalıdır.

- Artıq azad edilmiş Ağalı kəndinə köç həyata keçirilib və burada “Ağıllı kənd” modeli yaradılıb. Növbəti mərhələdə isə digər regionlarda da oxşar layihələrin icrası nəzərdə tutulur. Rəhbərlik etdiyiniz institutun bu proseslərə hansı töhfəsi var?

- Əvvəla onu qeyd edim ki, İnstitutumuz tətbiqi işlərin həyata keçirilməsində özəl şirkətlərlə, o cümlədən, startup şirkətləri ilə birgə layihələrin həllində əməkdaşlıq edir. Bu gün elmin ən böyük problemi onun tətbiqidir. Bu isə akademik mərkəzlərlə dövlət və özəl sektorun əməkdaşlığından asılıdır. Hazırda PPP (Public Private Partnership) modeli var. Biz hesab edirik ki, burada PPAP (Public Private Academic Partnership) modelinin tətbiqi daha səmərəli olar.

Böyük Qayıdışa dair I Dövlət Proqramını oxuyanda bilirsiniz ən çox nəyə sevindim? Onu tam oxuyanda hiss edirsən ki, dediyimiz PPAP modeli öz hüquqi əksini tapıb. Belə ki, proqramda həm iştirakçılar, həm də onun hüquqi tənzimlənməsi də göstərilib. Bu baxımdan hesab edirəm ki, I Dövlət Proqramı dövlət, özəl və akademik əməkdaşlıq üçün çox gözəl platformadır və onun icrası PPAP modelinin reallaşmasına xüsusi töhfə verəcək.

Bizim işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyimiz bir layihəmiz də var. Bilirsiniz ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli 2620 nömrəli Sərəncamı var və bu sərəncama uyğun olaraq Nazirlər Kabineti “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nı təsdiq edib.

Bizim institutumuz bu plana uyğun olaraq azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin potensialının ölçülməsində aktiv iştirak edəcək. Bu isə ölkəmiz üçün çox vacib məsələdir.

Azad edilmiş ərazilərin günəş və külək enerjisi potensialı təxminən 10 000 MVt-a yaxındır. Hansı ki, bu gün Azərbaycanın tələbi 7 900-8 000 MVt-dır. Ona görə də bütün bunlar hamısı planlaşdırılmaldır. Artıq bizə tapşırılıb ki, kompüterlərin köməyi ilə mövcud potensialın riyazi hesablamasını, modelləşdirməsini aparaq və optimal variant təqdim edək.

- Hazırda regionda çox maraqlı və əhəmiyyətli proseslər baş verir. Zəngəzur dəhlizinin açılması ilə loqistikaya əhəmiyyətli təsir edəcək. Həmçinin Azərbaycanın enerji ixracı coğrafiyasında da mühüm dəyişiklik olacaq. Məhz bu baxımdan soruşmaq istəyirəm ki, icra etdiyiniz layihə Azərbaycanın ixrac potensialının artmasına necə təsir edə bilər?

- Çox maraqlı məsələyə toxundunuz. Ötən ilin statistikasına fikir versək görərik ki, 2021-ci ildə təxminən 27 milyard kVt/s elektrik enerjisi istehsal edilib ki, onun da təxminən 4-5 milyard kVt/s hissəsi ixrac olunub. Hazırda ölkəmizin ixrac potensialı getdikcə artır. Digər məsələni də nəzərə almaq lazımdır ki, ixraca yönəldiləcək elektrik enerjisi təkcə qazdan yaxud başqa ekoloji təmiz olmayan mənbələrdən deyil, həm də bərpa olunan enerji mənbələrindən əldə ediləcək.

Biz burada həmçinin qonşu ölkələrin də bərpaolunan enerji potensialını da nəzərə almalıyıq və bütün bu faktorlarla birlikdə ixrac potensialımızı optimal hesablamalıyıq. Bu yerdə yerinə düşər ki, qeyd edək ki, Prezident İlham Əliyev elektrik enerjisinin Avropaya ixracını da perspektiv istiqamət hesab edir.

Bizim fəaliyyət planımızda həm də nəqliyyat, loqistikanın inkişafı ilə bağlı müddəalar da var. Hesab edirəm ki, bu da Zəngəzur dəhlizinin reallaşması baxımından əhəmiyyətlidir. Hazırda Avropa İttifaqının “EU4digtal” layihəsinin ikinci mərhələsi başlayıb. Bu da 2022-20226-cı illəri əhatə edəcək. Bu layihə çərçivəsində “Rəqəmsal transformasiyaya dəstək” proqramı var. Bizim institut onların Ekspertlər Şurasında təmsil olunur. Layihəyə isə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəhbərlik edir. Burada çox geniş loqistika-nəqliyyat layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmadığı üçün Zəngəzur dəhlizi açılmayıb. Amma hazırda Şərqi Zəngəzur var və biz həmin layihələri bura yönəldəcəyik. Hətta Özbəkistan da bu layihədə çalışmağa hazırdır. Hazırda onlarla birlikdə ortaq layihə hazırlayırıq.

Bir sözlə bizim Qarabağda həyata keçirəcəyimiz layihələrdə dövlət vəsaiti ilə yanaşı xarici investisiya və qrantlardan da istifadə edəcəyik.

- Özbəkistanla birlikdə hazırlanan layihə hansı fəaliyyət istiqamətlərini nəzərdə tutur?

- Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” layihəsinə Mərkəzi Asiya ölkələrini də cəlb etməkdə maraqlıdır. Həmçinin Özbəkistanın İnnovativ İnkişaf Nazirliyi ilə Azərbaycanın Elmlər Akademiyasının dəstəyi ilə müsabiqə elan edilib. Həmin layihə özündə Asiyadan Avropaya gedən yolların loqistik problemlərinin rəqəmsallaşmasını ehtiva edir. Layihənin dəyəri təxminən 300 min ABŞ dolları təşkilo edir.

Müsabiqədə Azərbaycanın İdarəetmə Sistemləri İnstitutu Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə birgə iştirak edir. Arzu edərdik ki, layihənin icrasına qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və Zəngəzur dəhlizi açılanda onun üçün töhfələr verək.

- Zəngəzur dəhlizinin açılması həm də Ermənistan üçün dividendlər gətirəcəyini görürük. Amma onlar nədənsə israrla buna mane olmağa çalışırlar. Belə addımlarla nəyə nail olmaq istəyirlər?

- Bu suala Azərbaycan Prezidenti İlham Əliyev 3 gün bundan öncə ADA universitetində keçirilən “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” beynəlxalq konfransında bir daha toxunaraq Zəngəzur dəhlizinin Ermənistan üçün əhəmiyyətini həm siyasi, həm də iqtisadi cəhətdən əsaslandırdı və bu layihəyə bütün region ölkələrini, və əsasən Ermənistanın qoşulmasına bir daha səsləndi. Qeyd etdiyim kimi, Şərq-Qərb dəhlizi çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi Avropa İttifaqının EU4 digital layihəsinə bizim də mütəxəssislərimiz qoşulub. Biz burada elmi-texniki hesablamaların aparılmasını nəzərdə tuturuq.

Aydındır ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, Ermənistan, İran, Türkiyə və hətta Rusiyanın bəhrələnməsinə səbəb olacaq. Çünki burada Avropa ilə Çini birləşdirən böyük bir dəhlizdən söhbət gedir. Hazırda Ermənistan nəqliyyat cəhətdən demək olar ki, özünü blokada etmişdir. Əgər Zəngəzur dəhlizi açılsa Ermənistanın Türkiyəyə, oradan da Avropaya çıxışı asanlaşacaq. Bir sözlə bu layihənin Ermənistana çox böyük xeyri var, amma nədənsə çox çətin başa düşürlər.

Son xəbərlər

Orphus sistemi