Bakı. 6 oktyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Elektron Hökumət Təlim-Tədris Mərkəzi (EHTTM) informasiya texnologiyaları və insan resurslarının inkişafı sahəsində növbəti təlimlərə start verib.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan “Report”a verilən xəbərə görə, təlimlər - “Elektron hökumət” üzrə İT biliklər və İT bacaraıqlar, ofis və dizayn proqramları ilə iş və ondan peşəkar istifadə, İT texniklik və informasiya təhlükəsizliyi, şəbəkə texnologiyaları və sistem inzibatçılığı, proqramlaşdırma, kodlaşdırma, insan resurslarının inkişafı istiqamətlərini əhatə edir.
Geniş istifadəçi auditoriyası üçün nəzərdə tutulan təlimlərdən ayrı-ayrı fərdlər, tələbələr, dövlət qulluqçuları və özəl müəssisələrdə çalışan işçilər bəhrələnə biləcəklər. Mərkəz bu məqsədlə dövlət qurumları, özəl şirkətlər və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığa hazırdır.
EHTTM-nin Naxçıvan, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Qazax, İmişli, Göyçay, Qəbələ, Şamaxı, Şirvan, Şəki, Qusar, Zaqatala, Bərdədə regional mərkəzləri var.
Qeyd edək ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzi kompüter və informasiya texnologiyaları sahəsində istifadəçilərin biliklərinin artırılmasına xidmət edir. Burada İKT biliklərinin inkişaf etdirilməsi üçün mütəmadi olaraq peşəkar təlimlər təşkil edilir.