Ekspert: "Ölkədə mövcud texnologiya infrastrukturu tam təhlil olunmalıdır"

Ekspert: "Ölkədə mövcud texnologiya infrastrukturu tam təhlil olunmalıdır" Bununla da qoyulacaq investisiya həcmi və hərəkət planları müəyyən ediləcək
İKT
4 Mart , 2021 20:57
Ekspert: Ölkədə mövcud texnologiya infrastrukturu tam təhlil olunmalıdır

“Azərbaycan texnologiya sahəsində son 10 ildə regionda bir sıra ilklərə imza atsa da, sürətlə yenilənən texnologiya sənayesində hələlik aparıcı qüvvələrdən biri ola bilməyib”.

Bunu “Report”a 4-cü sənaye inqlabının tələblərini şərh edən İKT mütəxəssisi Elvin Abbasov deyib.

E.Abbasovun sözlərinə görə, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələrində peyk xidmətlərinə malik olması, bizim bu regionda texnologiya sahəsində ən böyük uğurumuz hesab oluna bilər:

“Elm və texnologiya strategiyası inkişaf etmiş və ya etməkdə olan ölkələrdə iqtisadi tərəqqinin formalaşmasında əsas faktorlardan biridir. Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib. Bu sahədə inkişaf etmiş ölkələr qlobal rəqabətlilikdə əsas üstünlüyü ələ keçirmiş və inkişaf dinamikasını yüksək tempdə tutmaq üçün texnologiya infrastrukturlarını daim yeniləməkdə və gücləndirməkdədirlər.

Həmçinin 2-ci Qarabağ müharibəsində 5-ci nəsil müharibə silahlarından istifadə olunması, İnformasiya Kommunikasiya Texnologiyaları istiqamətində aparılan işlər Azərbaycan adını regionda və dünyada texnologiya sahəsində potensial ölkə olduğunu bildirən bariz göstəricidir. Ölkə daxilində bir çox qurumların informasiya texnologiyaları istiqamətində kifayət qədər hazırlıqlı olmadığı və ya mövcud vəziyyətin dövrün standart və tələblərinə uyğun olmaması fundamental iş aparılmasını zəruri edir.

Dövlət strukturlarında elektron iş mühitinin formalaşması, proseslərin avtomatlaşması, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsi ölkəmizdə başlıca hədəflərdən biridir. Bu hədəfə çatmaq üçün qurumlarda texnologiya infrasturukturlarının təkminləşdirilməsi aktual mövzulardan birinə çevrilib. 4-cü sənaye inqilabına keçid mərhələsinə hazırlaşan ölkəmiz bu istiqamət də elektron sənayenin qurulması və informasiya kommunikasiya texnologiyalarının tam səmərəli istifadəsini təmin edən strategiya və planlamalar qurmalıdır. “Ağıllı şəhər” konsepsiyasına start aldığımız bir dövrdə ölkədə mövcud texnologiya infrastrukturu tam təhlil olunmalıdır və bu təhlillər əsasında texnologiya infrastrukturlarına qoyulacaq investisiya həcmi və hərəkət planları məlum olacaq”, - ekspert əlavə edib.

Son xəbərlər

Orphus sistemi