Ekspert: Azərbaycanın internet xidmətləri bazarında islahatlar aparılmalıdır

Ekspert: Azərbaycanın internet xidmətləri bazarında islahatlar aparılmalıdır Osman Gündüz: "Bazarın 50%-nə dövlət provayderləri nəzarət edir"
İKT
1 Mart , 2016 12:00
Ekspert: Azərbaycanın internet xidmətləri bazarında islahatlar aparılmalıdır

Bakı. 1 mart. REPORT. AZ/ "İnternet və insan hüquqları" mövzusu Azərbaycan üçün kifayət qədər aktualdır. Azərbaycan internetinin yaşı çox azdır, təxminən 25 ildir. Bu az müddət olsa da, Azərbaycan bu sahədə böyük iş görüb. Ötən dövrdə Azərbaycan internetində kifayət qədər kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verib". "Report" xəbər verir ki, bunu Bakıda "İnternet və insan hüquqları" mövzusunda keçirilən tədbirdə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Lakin Azərbaycanda keyfiyyətli internetə əlçatarlılıq sahəsində müəyyən problemlərin olduğunu önə çəkən O.Gündüz deyib ki, xüsusən regionlarda keyfiyyətli internetə əlçatarlılıqla bağlı kifayət qədər ciddi problemlər mövcuddur: "Bizdəki problemlərin əksəriyyəti iqtisadi, texniki səbəblərdən qaynaqlanır. Eyni zamanda, Azərbaycan internet bazarının 50%-nə dövlət provayderləri nəzarət edir. Hesab edirəm ki, bu, kifayət qədər ciddi məsələdir. İndi Azərbaycanda internet bazarında sanki planlanmış rəqabət gedir".

Azərbaycan İnternet Forumunun prezidenti hesab edir ki, burada müəyyən islahatlar həyata keçirilərsə, problemlər daha tez aradan qalxar, milli seqment daha sürətlə inkişaf edər: "Məsələn, son bir neçə ayda ölkə üzrə internetə əlçatarlılıqda ciddi problemlər yaranıb. Xeyli müddət ölkə üzrə internet olmadı, hesab edirəm ki, bu, Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğun deyil. Bu yaxınlarda dövlət qurumlarının internet resursları ilə də bağlı problemlər olub. Bunlar texnoloji məsələlərdən də qaynaqlanır, amma bunların olmaması daha yaxşı olardı".

Son xəbərlər

Orphus sistemi