Avropa İnvestisiya Bankı (EIB) ümumi dəyəri 45 milyon avro qiymətləndirilən, Qara dənizin dibi ilə çəkiləcək internet kabelinin xərclərinin yarısını qarşılamağa hazırdır.
“Report” Almaniya KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Aİ-nin “Global Gateway” proqramı çərçivəsində Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan internet kabeli Ermənistan və Azərbaycanı əhatə edəcək və bu ölkələrin bizimlə əlaqə qurmasına səbəb olacaq. EIB 45 milyon avro təşkil edəcək ümumi xərclərin təxminən yarısını qarşılamağa hazırdır”, - o, Ermənistan və Azərbaycana səfərindən əvvəl bildirib.
Xatırladaq ki, Almaniya xarici işlər naziri noyabrın 3-də Ermənistana, noyabrın 4-də isə Azərbaycana səfər edəcək.
Daha əvvəl “The Financial Times” Avropa Komissiyasının sənədlərinə istinadən xəbər vermişdi ki, Aİ Gürcüstanla əlaqələri yaxşılaşdırmaq və Rusiyadan keçən xətlərdən asılılığı azaltmaq üçün Qara dənizin dibi ilə internet kabeli çəkməyi planlaşdırır. Kabelin uzunluğu 1100 kilometr olacaq.