Dünyada ilk pilotsuz kosmik gəminin yaradıcısı olan azərbaycanlı: "Buran" mənim üçün kiçik bir layihədir"

Dünyada ilk pilotsuz kosmik gəminin yaradıcısı olan azərbaycanlı: "Buran" mənim üçün kiçik bir layihədir" Son dövrlərdə Azərbaycanda kosmik sahəyə xüsusi diqqət ayrılır. Bu sahə üzrə müxtəlif layihələr həyata keçirilir, ölkəmizin peykləri orbitə çıxarılır. 74-cü Beynəlxalq Astronavtika Konqresinin yarım əsrdən sonra yenidən Azərbaycanda keçirilməsi də bu sahə
İKT
10 Oktyabr , 2023 14:24
Dünyada ilk pilotsuz kosmik gəminin yaradıcısı olan azərbaycanlı: Buran mənim üçün kiçik bir layihədir

Son dövrlərdə Azərbaycanda kosmik sahəyə xüsusi diqqət ayrılır. Bu sahə üzrə müxtəlif layihələr həyata keçirilir, ölkəmizin peykləri orbitə çıxarılır. Beynəlxalq Astronavtika Konqresinin yarım əsrdən sonra yenidən Azərbaycanda keçirilməsi də bu sahəyə göstərilən qayğının nümunəsidir. Belə mötəbər tədbirin Azərbaycanda ilk dəfə 50 il əvvəl keçirilməsi də təsadüfi deyildi. Ulu Öndər Heydər Əliyev milli kosmik sənayenin yaranması istiqamətində mühüm addımlar atmış, hələ ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə bugünkü müstəqil Azərbaycan dövləti üçün mühüm elmi və maddi-texniki bazanın yaradılmasında müstəsna rol oynamışdı. Məhz Ulu Öndərin bütün dünya üçün yeni olan kosmos elminin görkəmli simalarının iştirakı ilə yarım əsr əvvəl 1973-cü ilin oktyabrında Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresini keçirməsi bunu əyani şəkildə sübut edir. “Kosmik tədqiqatlar - elm və texnikaya nüfuz” devizi altında keçirilən bu konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoydu. Həmin dövrlərdə kosmik sahə üzrə ixtisaslı kadrların hazırlanması da daim diqqətdə saxlanılıb, istedadlı gənclər seçilərək Moskvada təhsil almağa göndərilib. Bu tələbələr sırasında gənc azərbaycanlı Füzuli Fərəcov da olub.

Həmin gənc hazırda Azərbaycanın texnika elmləri namizədi, “Texno‑Svar TMZ” ASC‑nin baş direktoru, “Buran” kosmik gəmisinin füzelyajının yığımında yaxından iştirak edən, İctimai Elmlər Akademiyasının həqiqi üzvüdür. Füzuli Fərəcov “Report”a müsahibəsində həyat və fəaliyyətindən danışıb, xatirələrini bölüşüb, Azərbaycanın son dövrlərdə kosmik sahədə nailiyyətlərinə toxunub.

- Kosmik sahəyə marağınız necə yarandı? Necə oldu ki, bu sahə üzrə fəaliyyət göstərməyə qərar verdiniz?

- Bakıda fizika-riyaziyyat təmayüllü məktəbi bitirmişəm. Dəqiq elmlər sahəsinə, xüsusilə də fizikaya olan marağım diqqətimi kosmik sahəyə yönəltdi. Ulu Öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırırdı və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşəbbüsü ilə gənclər seçilərək Moskvaya təhsil üçün göndərilirdi. Mən də həmin gənclərdən biri kimi 1976-cı ildə Moskva Aviasiya İnstitutuna qəbul olundum.

1980-ci illərdə Nazirlər Kabinetinin yeni layihələr üzrə qərarları var idi. Tale elə gətirdi ki, Tuşino Maşınqayırma Zavodunda “Buran” kosmik gəmisinin yığılması müəssisəsində işə başladım. Həmin zavodda çalışmağımın səbəbi də məhz Moskva Aviasiya İnstitutunda oxuyarkən seçdiyim sahə idi. Kosmik sistemlər, kosmik sahə üzrə də fəaliyyətimi davam etdirdim.

- Rus dilini bilməməyiniz o zamanlar təhsilinizə gec başlamağınıza səbəb olub. Bu dili öyrənməkdə çətinlik çəkdinizmi? Əgər kosmik sahədə fəaliyyət göstərməsəydiniz, təhsil aldığınız üzümçülük və şərabçılıq üzrə aqronom-texnoloq ixtisası istiqamətində çalışardınızmı?

- O vaxt Bakıya oxumağa kənddən gəldiyim üçün rus dilinin mənə lazım olacağını bilmirdim. Məktəbi bitirdikdən sonra astrofizika ixtisası üzrə təhsil almaq istədim. İmtahan Azərbaycan dilində olsa da, müəllim mənə rus dilində suallar verdi. Xatırlayıram ki, bu, fizika fənni idi. Mən rus dilində məsələləri çox yaxşı həll edə bilirdim, ancaq danışmağı bacarmırdım. İmtahanda fiziki terminləri də rus dilində soruşurdular. Formulları yazsam da, izahını verə bilmədim. Sonra müəllim təkrar rus dilində suallar verdi. Mən isə Azərbaycan dilində cavablandırdım və imtahanın ana dilimizdə olduğunu xatırlatmaq istədim. O da əvəzində Azərbaycan dilində “Rus dilini bilmirsinizsə, universitetdə necə oxuyacaqsınız?” deyib mənə "2" yazdı.

Buna baxmayaraq, ruhdan düşmədim. Qərara gəldim ki, sənədlərimi Ağsu peşə məktəbinə verim. Əks təqdirdə hərbi xidmətə getməli olacaqdım ki, bu da kosmik sənaye üzrə oxumaqla bağlı xəyallarımı təxirə salacaqdı. O zaman belə bir qanun vardı ki, peşə məktəbini qırmızı diplomla bitirənlər universitetə qəbul zamanı imtiyazdan istifadə etmək hüququ qazanırdılar. Bu səbəbdən həyatımda üzümçülük və şərabçılıq üzrə aqronom-texnoloq ixtisasında oxumaq təcrübəsini də yaşadım (gülür). Mənim həyata baxışım, məqsədim bütün sahələrə eynidir. Düşünürəm ki, bu sahə üzrə də çalışsaydım, inadkarlığımla müəyyən nəticələr əldə edərdim. Peşə məktəbini bitirəndən sonra imtahanları asanlıqla verib Moskvaya təhsil almağa yollandım. Orada mühit rus dilli olduğu üçün 3-4 aya bu dili mənimsədim və Moskva Aviasiya İnstitutunu qırmızı diplomla bitirdim.

- “Buran” kosmik raketi ABŞ-nin “Space Shuttle” gəmisinə cavab olaraq hazırlanıb. Bu, SSRİ-nin ilk çoxistifadəli kosmik gəmisi idi və siz onu hazırlayanlardan birisiniz. Bu işi sizə tapşıranda nə düşündünüz? Bacarmamaq hissi vardımı?

- Əvvəla, onu deyim ki, “Buran” kosmik gəmisinin yığılmasını mənə heç kim həvalə etməyib. Uşaqlıqdan yeniliklərə meyilli olmuşam. İndi hamı rəqəmsal texnologiyalardan, innovasiyalardan danışır ki, bütün bunlara maraq məndə elə o vaxtdan vardı. Əgər şərait varsa, qalan şeylər insanın özündən asılıdır. Moskvada kosmik sahə üzrə oxumağa, çalışmağa özüm qərar vermişəm və bu məqsədə çatmaq üçün əlimdən gələni etmişəm. Çalışdığım müəssisədə xeyli sayda başqa millətlərdən olan insanlar vardı. Elə bir çətin şəraitdə əvvəlcə usta, baş usta, konstruktor, texnoloq, sex rəisi, daha sonra istehsalat rəisi olmuşam. Yəni tək marağın olması da kifayət etmir. Gərək paralel şəkildə inadkarlıq, əzmkarlıq və istək də güclü olsun. Hamısından önə isə çalışqanlığı qoyardım. Bütün bunların nəticəsi olaraq da “Buran” kosmik gəmisinin yığılmasında iştirak etdim.

- “Buran” kosmik gəmisinin hazırlanması prosesi haqqında unutmadığınız və heç vaxt unutmayacağınız maraqlı xatirə varmı?

- Bununla bağlı bir neçə xatirəm var ki, heç zaman unutmuram. Bunlardan biri kosmik gəmi yığılarkən məni təcili Azərbaycana göndərilməyimlə bağlıdır. “Buran”ın hazırlanması ilə bağlı planlar vaxt baxımından yerinə yetirilmirdi. Bir sıra detalların çatışmazlığı vardı. Sonradan öyrənildi ki, Mingəçevirdə yerləşən Elm İstehsalat Birliyində bu detallar var. Həmin detalların Mingəçevirdən götürüb gətirilməsi mənə həvalə olundu. Gecə ilə məni 2 rus konstruktorla birlikdə ezamiyyətə göndərdilər. Doğma vətənə gəldiyim üçün çox sevinirdim. Əvvəlcə ayrılan xüsusi təyyarə ilə Gəncəyə gəldim. O vaxta qədər heç zaman Gəncədə olmamışdım. Bizi oradan Mingəçevirə apardılar. Həmin Birlikdə detalları hazırlayıb bizə verdilər. Geri qayıdan zaman Bakıdan uçmalı idik. Bakıya gedərkən yolboyu mənimlə birlikdə olan konstruktorları ölkəmizlə tanış etdim. Deyərdim ki, bir növ təbliğat apardım.

Yadımda qalan başqa bir məqam isə Pilotlu gəmilərin sınaq uçuşları üzrə Dövlət Komissiyasının sədri Kərim Kərimovla olan görüşümdür. K.Kərimov müdafiə naziri ilə birlikdə “Buran”a baxış keçirmək üçün gəlmişdilər. Elə o vaxtdan bizim onunla görüşlərimiz başladı. Amma ilk görüş mənim üçün xüsusilə yaddaqalan oldu.

- Bəs “Buran” kosmik gəmisinin enişi zamanı yaranan problem xatirinizdə necə qalıb? Həmin an hansı hissləri keçirirdiniz?

- Həqiqətən, bizim üçün çətin anlar oldu. Çünki dünyada ilk dəfə belə bir nəhəng kosmik gəmi pilotsuz uçaraq geri qayıtmalı idi. Eniş zamanı təyyarə 180 dərəcə manevr edərək istiqamətini dəyişdi və “Buran” ilə əlaqə kəsildi. Hətta idarəetmə məntəqəsində nəzarətsiz təyyarənin partladılması məsələsi də müzakirə olundu. Düşünürdük ki, çox cüzi şans qalıb. Amma o cüzi şansı tale bizə qismət etdi. Məlum oldu ki, hava şəraiti ilə əlaqədar kosmik gəmini idarə edən kompüterlər daha əlverişli eniş üçün istiqaməti dəyişib. Eniş zamanı da narahat idik. Pilotsuz hərəkət etdiyi üçün dəqiq eniş edə biləcəyinə əmin deyildik. Çünki güclü külək buna imkan verməyə bilərdi. Sonda qırıcı təyyarələrin müşayiəti ilə “Buran” əvvəlcədən müəyyən edilmiş nöqtədən cəmi 15 metr kənarda eniş etdi. Bu sınaqdan uğurla çıxdığımız üçün çox sevinirdik.

- “Buran”nın hazırlanmasındakı əvəzsiz xidmətinizə görə sizə Moskvada büst qoyulub. Necə hissdir? Ümumiyyətlə, sizə büst qoyulması barədə təklif gəlsəydi, bunun hansı fəaliyyətinizə görə olmasını istərdiniz? Yəni "Buran"dan daha üstün hesab etdiyiniz fəaliyyətiniz varmı?

- Bir çox sahələr kimi bizim sahə də açıqlanan zaman İctimai Elmlər Akademiyasına üzv seçildim. Onların dövlət səviyyəsində hazırlanmış proqramı var idi və proqrama əsasən bəzi sahələrdən mütəxəssislərə büstlər qoyulurdu. Mənə bu barədə məlumat veriləndə əvvəlcə tərəddüd etdim. Sonra isə razılaşdım.

“Buran” mənə görə kiçik bir layihədir, həyatın kiçik bir hissəsidir. Mənim üçün ailə, vətən və torpaq məfhumları daha müqəddəsdir. İstərdim, ömrümün sonuna qədər əmək fəaliyyətim aktiv olsun və daim qeyd etdiyim müqəddəs sahələrə həsr edim. Necə ki, indiyə kimi həsr edirəm.

- Azərbaycan kosmik sahədə müəyyən işlər görür. Orbitə peykimiz buraxılır, 44 günlük Vətən müharibəsində də kosmik fəaliyyətin yaratdığı imkanlardan istifadə etdik. Beynəlxalq Astronavtika Konqresi ikinci dəfə ölkəmizdə keçirildi. Azərbaycanın bu sahədəki fəaliyyəti ilə bağlı fikirləriniz necədir?

- Qeyd edim ki, “Azərkosmos” ASC-nin fəaliyyəti başqa ölkələrdə aidiyyəti qurumların gördüyü işlərdən daha öndədir. Azərbaycan, həqiqətən, kosmik sahədə çox irəliləyib. Bizim öz peykimiz var. Beynəlxalq Astronavtika Konqresinə dəvət edildiyim üçün “Azərkosmos”un rəhbərliyinə təşəkkürümü bildirirəm. Tədbirin təşkilatçılığı yüksək səviyyədə idi. Azərbaycan Prezidenti İlham Əliyevin möhtəşəm, konseptual çıxışını böyük maraqla dinlədim. Dövlətimizin başçısı çıxışında bütün sahələri bildiyini göstərdi, ölkəmizin imkanlarını, əldə olunan nailiyyətləri demək olar ki, çox yüksək səviyyədə qonaqların diqqətinə çatdırdı. Hazırda dünyada aerokosmik sahədə ən qabaqcıl layihələr həyata keçirilir. Rəqəmsal texnologiyaların, süni intellektin bu sahələrdə tətbiqi üçün maliyyə dəstəyi, beyin mərkəzlərinin yaradılması, enerji sahələri barədə Prezidentin ingilis dilində çıxışı böyük alqışlarla qarşılandı. Konqresə gələn minlərlə insan Azərbaycanın qüdrətini, iradəsini, milli ruhumuzu hiss etdilər.

Qaldı ki, Azərbaycanın kosmik sahədə fəaliyyətinə dair fikirlərimə, məncə, hər hansı sahə ilə bağlı fikir bildirərkən gərək çalışdığın istiqamət olsun. Ümumi fikir və təklifləri hər kəs verə bilər. Mən isə konkretliyin tərəfdarıyam. Düşünürəm, fikir və təklifi fəaliyyət göstərdiyin sahədə ehtiyac yarandığı təqdirdə vermək olar. Mən alimlikdən əvvəl istehsalçıyam. Onlarla kosmik aparatın təcrübə modelini müəssisələrdə öz əllərimlə yığmışam, istehsal etmişəm. Vaxtımın böyük hissəsi makina arxasında keçib. Bu səbəbdən onu deyə bilərəm ki, Azərbaycanda istehsala üstünlük versək, peykimizin hissələrini özümüz hazırlasaq daha yaxşı olar.

- Peşənizə uyğun olaraq qırıcı təyyarələrin layihələndirilməsinin və istehsalının sirlərinə hakimsiniz. 44 günlük Vətən müharibəsində İsrailin “Harop”u və Türkiyənin “Bayraktar TB2”dən istifadə etdik. Azərbaycanda da bu sahənin inkişafı üçün nələr etmək lazımdır? Ölkəmizdə belə qırıcıların hazırlanması nə zamansa mümkün olacaq?

- İlk olaraq qeyd edim ki, müharibəni Azərbaycan xalqı, onun iradəsi, əsgəri və Ali Baş Komandanı qazandı. Pilotsuz təyyarənin hansı ölkəyə aid olmasının fərqi yoxdur. Nəticə göz qarşısındadır. Əgər qarşına hər hansı bir məqsəd qoyursansa, gərək dünyada olan ən qabaqcıl texnologiyaları cəlb edəsən və qələbə qazanmaq istəyirsənsə, gərək qəlbində milli ruhun olsun. Bunu Prezident İlham Əliyevin Beynəlxalq Astronavtika Konqresindəki çıxışında hər kəs hiss etdi. O ki, qaldı İsrailin və Türkiyənin hərbi təyyarələrinə, əlbəttə, çox möhtəşəmdir. Mən Türkiyə hərbi sənayesinin qüdrətini bilirəm, bu sahə üzrə görülən işlərdən, dünyada artan nüfuzundan xəbərim var. Bu sahələrə dövlət proqramından, ayrılan maliyyədən daha önəmlisi gənclərin milli ruhunun olmasıdır. Əminəm ki, əldə olunan qələbələr gəncləri daha da ruhlandıracaq, başqa sahələrdə olduğu kimi bu sahədə də nailiyyətlər qazanacağıq.

Kosmik sənayedə yerli istehsalla bağlı deyə bilərəm ki, burada mərhələli şəkildə çalışmaq lazımdır. Əvvəlcə dünyada yaradılmış nümunələrə baxılmalıdır. Sonra peyki alıb həmin peykə öz hissələrimizi quraşdırmalıyıq. Daha sonra isə tam istehsala keçmək olar. Əsas bu istiqamətdə qarşıya məqsədin qoyulmasıdır və buna çatmağa şərait yaradacaq maliyyə imkanlarının olmasıdır. Tutaq ki, bizə təyin etdiyimiz funksiyalara sahib təyyarələr lazımdır. Məqsədi tam müəyyənləşdirdikdən sonra onun həyata keçirilməsi üçün vaxt təyin edilməlidir. Deyək ki, bu vaxt 8-10 aydır. Artıq həmin müddət ərzində təyyarənin hissələri üzərində çalışılmalı, həmin hissələr hazır formaya gətirilməli, sonra isə təyyarə yığılmalıdır, yəni məhsul özümüzünküləşdirilməlidir. Məndə olan məlumatlara görə, bu sahədə ölkəmizdə işlər görülür, dünyanın aparıcı qurumları ilə böyük razılaşmalar mövcuddur. Həm peyklərimizdən, həm də istehsal etdiyimiz hissələrdən kommersiya üçün istifadə olunur. Təbii ki, bu iş daha da inkişaf etdiriləcək.

- Nə zamansa Azərbaycana qayıdıb burada fəaliyyət göstərməyi düşünmüsünüz?

- SSRİ dövründə hər kəs təyin olunduğu yerdə çalışırdı. Kimi hara göndərirdilərsə, ora gedirdi. Mənim təyinatım Azərbaycana idi. Burada raket hissələrinin yığıldığı zavod vardı. Məni oraya təyin etdilər. Amma mən universitetdə hava kosmik gəmiləri sistemini seçdiyim, diplom və kurs işlərimi buna həsr etdiyim üçün həmin istiqamətdə işləmək istəyirdim. Aviakonstruktor ixtisasına yiyələnmişdim. Bu səbəbdən etiraz edəndə təklif olundu ki, konstruktor bürosu yaradım və orada çalışım. Bunun üçün şərait yaratmağı da öhdələrinə götürdülər. Düşündüm ki, həm cavanam, həm də mənim üçün çətin olacaq. Ona görə də bu məsuliyyəti üzərimə götürmədim.

Çalışdım, Moskvaya qayıdıb öz sahəm üzrə işləyim. Ancaq qayıtmağım mümkünsüz idi. Azərbaycan Nazirlər Komitəsinə təhsilini yenicə bitirmiş bir tələbə kimi dəfələrlə ərizə yazdım. Ərizədə Moskvaya çağırılmağımı, orada öz sahəm üzrə təzə işlər olduğunu, bu istiqamətdə çalışmaq istədiyimi bildirdim. Lakin yenə də mənə icazə verilmədi. Sadəcə güzəşt edərək Nazirlər Sovetinin sədrinin birinci müavininin qəbuluna yazdılar. Onun qəbuluna gedən zaman orada komissiyaya niyyətimi çatdırdım. Məni eşitdilər və Moskvaya qayıtmağıma icazə verdilər. Bu, inadkarlığımın nəticəsi idi.

Həmin zamanlar Azərbaycan SSRİ-nin tərkib hissəsi idi və burada ixtisasıma uyğun iş tapmaq, həqiqətən, çətin olardı. Müstəqillikdən sonra isə Azərbaycana qayıtmaq gec idi. Azərbaycanda bu sahə üzrə son 10 ildə nailiyyət qazanmağa başlayıb, o zamanlar isə hələ inkişaf etməmişdi və mənə tələb də yox idi.

Ancaq mütləq qeyd etməliyəm ki, indi istənilən təklifə ürəkdən razı olaram. Mənim həyatım vətənimlə bağlıdır. Ailə və Vətən mənim üçün çox önəmlidir.

- Hazırda Rusiyada kosmik sahə ilə bağlı təkliflər alırsınızmı, təcrübənizdən istifadə olunurmu?

- Təkliflər var, ancaq əksəriyyəti elmi fəaliyyətimlə bağlıdır. Məsələn, Moskvanın Radioelektronika İnstitutunda alimlər böyük enerji proqramı üzərində çalışır, həmin proqramın əsasını günəş enerjisinin kosmosda cəmləşdirilib kənd təsərrüfatı sahələrinə paylanması təşkil edir. Həmin proqram üzərində çalışırdım. Enerji təhlükəsizliyi önəmli məsələdir, ən sərfəli istiqamət günəş enerjisinin istifadəsidir. Çünki bu, maliyyə cəhətdən çox səmərəlidir. Hazırda ABŞ və Yaponiyada günəş enerjisinin istifadəsi üçün proqramların yaradılmasına başlanılıb. Eləcə də Rusiyada. Mən də təklif əsasında proqrama qoşulmuşam. Təkliflər gəldiyi zaman ilk olaraq bu sahədə hansı irəliləyişə təkan verə biləcəyimi düşünürəm. Önəmli olan da budur.

Artıq layihələrin tezləşdirilməsi, yəni zaman məfhumu çox önəmlidir. Elə proqramlardan istifadə olunur ki, vaxta qənaət edilsin. Bununla bağlı da mənə müraciətlər olur. Çünki istehsal təcrübəsinə malikəm, layihənin icrasını tez şəkildə həyata keçirə bilərəm. Əsas fəaliyyətim də elə bu olub.

Onu da deyim ki, bizim konversiyadan sonra Moskvanın şimal-qərbində yerləşən Tuşino Maşınqayırma Zavodu böhran yaşadı və maliyyəsi olmadı. Biz isə həmin zavodda kiçik özünümaliyyələşdirən "Texno‑Svar TMZ" ASC adlı müəssisə yaratdıq. Burada qaynaq, enerji, kiçik aviasiya üzrə əldə olunan nailiyyətlərə əsaslanaraq kommersiya əsaslarında kənd təsərrüfatı layihələri həyata keçiririk. Bununla biz eyni zamanda bir sahənin ömrünü də uzatdıq. Hamı əsas diqqəti pul qazanmağa yönəldən vaxt biz dağılmaq üzrə olan sahənin ömrünü uzatdıq, oradakı fəhlələrin işini itirməsinə imkan vermədik.

Ancaq indi diqqət yenidən hərbi sənayenin inkişafına yönəlir. SSRİ dövründə bu istiqamətdə çox möhtəşəm proqram vardı və yüksək səviyyədə idarə olunurdu. İndi isə hərbi sənaye böyük önəmə malikdir. Həyat tələb edir ki, əsas maliyyə bu günün tələbi olan layihələrə xərclənsin. Hərbidə pilotsuz uçuş aparatları xüsusi yer tutur. Bu dəqiqə onların alınması, hissə-hissə yığılması və tələbin tez ödənilməsi üzrə işlər görülməlidir.

- Qeyd etdiyiniz "Texno‑Svar TMZ" ASC-nin baş direktorusunuz. Azərbaycanda kosmik sahəyə marağı olan gəncləri təcrübə qazanmaq və ya çalışmaq üçün həmin müəssisəyə cəlb edirsinizmi? Ümumiyyətlə, gənclər yardım üçün sizə müraciət ünvanlayıblar?

- Düzü, məsləhət görərdim ki, gənclər məhz öz vətənimizdə bu işlərlə məşğul olsunlar. Rusiyaya isə təcrübə üçün getmək olar. Ancaq sonra təcrübəni ölkəmizdə tətbiq etsinlər. Azərbaycandan getmək istəyini doğru hesab etmirəm. Artıq hər şey dəyişib. Yenilik etmək üçün hazırda ən gözəl yer vətəndir. Həm də indiki şəraitdə əsas rolu məlumatlar tutur. Məlumatların da çoxuna onlayn formada yiyələnmək olar. Məsələn, elmi mərkəzlərlə onlayn əlaqə qurmaq mümkündür. Bu dəqiqə dünyada distant təhsillə yanaşı, distant iş də mövcuddur. Bundan da faydalanmaq olar. Ümumilikdə isə bizə müraciət edən gənclərimiz olub və heç vaxt öz köməyimi əsirgəməmişəm.

- Təxminən 10 il sonra Azərbaycanda kosmik sahədə hansı yenilikləri görmək istəyərdiniz?

- İstəyərdim ki, ən müasir layihələr üzrə Azərbaycanın öz istehsalı olsun. Texniki qurğuları özümüz hazırlayaq. Əminəm ki, ciddi irəliləyişlər də olacaq və uğur qazanacağıq.

Elvin Camalov

Sayad Həsənli

Foto: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi