"Code Academy" 3 illiyini qeyd edib

"Code Academy" 3 illiyini qeyd edib Akademiyanın yeni tədris mərkəzi fəaliyyətə başlayıb
İKT
5 İyul , 2018 12:01
Code Academy 3 illiyini qeyd edib
0 : 00
0 : 00

Bakı. 5 iyul. REPORT.AZ/ "Code Academy"nin yeni tədris mərkəzinin rəsmi açılışı və fəaliyyətə başlamasının 3 illiyi münasibətilə iyulun 3-də xüsusi tədbir keçirilib. 

"Report" xəbər verir ki, akademiyanın yeni tədris mərkəzində təşkil olunmuş tədbirdə müxtəlif şirkətlərin və təşkilatların nümayəndələri iştirak ediblər.

Texnologiya tədbiri gözlənilmədən işıqların sönməsi nəticəsində şam işığında başlamalı olub. 

Tədbiri giriş sözü ilə açan "Code Academy"nin həmtəsisçisi və direktoru Ülvi Aslanov qonaqları salamlayaraq dəvəti qəbul edib gəldikləri üçün onlara təşəkkür edib. 

Sektorun ehtiyaclarına uyğun kadrlar yetişdirmək məqsədi ilə yaradılan "Code Academy"nin əsas hədəfinin qlobal əmək bazarlarında rəqabət edə bilən peşəkarlar hazırlamaq olduğunu bildirən Ü.Aslanov indi bu istiqamətdə nəticələr əldə etdiklərini vurğulayıb: "Bu gün "Code Academy"nin məzunlarının bir sıra dövlət təşkilatlarında, yerli və xarici şirkətlərlərdə müxtəlif vəzifələrdə işlədiklərini görürük və bu, bizi çox sevindirir. Təkcə son 6 ay ərzində 266 məzunumuz işlə təmin olunub”.

Ü.Aslanov "Code Academy"nin 2015-ci ildə 2 otaqdan ibarət kiçik bir sahədə 4 nəfər komanda ilə fəaliyyətə başladığını, hazırda isə 1 000 kv.metrdən çox sahədə yerləşən, xüsusi dizayn olunmuş və zəruri avadanlıqla təchiz olunmuş yeni tədris mərkəzində 50 nəfərdən artıq kollektivlə xidmət göstərdiyini vurğulayıb: “Üç il əvvəl 18 nəfər tələbə ilə proqramlaşdırma tədrisi ilə fəaliyyətə başladıq. Bu gün isə qrafik və veb dizayn, 3D dizayn, digital marketinq, sistem administratorluğu və MS Office proqramları da əlavə olunmaqla toplam 6 istiqamət üzrə peşəkar təhsil veririk”.

Tədbirdə qonaqlar sürətlə inkişaf edən bütün əmək bazarlarında olduğu kimi, Azərbaycanda da kadr çatışmazlığının aktual olduğunu vurğulayıblar. Natiqlər "Code Academy"nin təkcə böyük insan resursları boşluğunu doldurmaqla qalmayıb, həm də peşəkar tədris sahəsində standartları yüksəltdiyini diqqətə çatdırıblar.

Daha sonra akademiyanı gəzərək tədris prosesi ilə tanış olan qonaqlara məlumat verilib ki, "Code Academy" tələbələrinə daha keyfiyyətli təhsil vermək və onları beynəlxalq sertifikat imtahanlarına hazırlaşdırmaq məqsədi ilə tədris prosesini beynəlxalq standartlara uyğun şəkildə qurur. Akademiya bunun üçün bir sıra qlobal qurumlarla akademik əməkdaşlıq edir. Belə ki, "Code Academy" proqramlaşdırma, sistem administratorluğu və "MS Office" proqramları üzrə "Microsoft Imagine Academy", 3D Modelləşdirmə və Vizualizasiya üzrə "Autodesk" Rəsmi Tədris Mərkəzi, digital marketinq üzrə isə "Digital Marketing" İnstitutunun Rəsmi Tədris Tərəfdaşı statusunu alıb. 

Son xəbərlər

Orphus sistemi