Cəlilabadın Ocaqlı kəndində sakinlər telefon və internet xəttinin çəkilməməsindən narazıdırlar

Cəlilabadın Ocaqlı kəndində sakinlər telefon və internet xəttinin çəkilməməsindən narazıdırlar Cəlilabad rayonunun Ocaqlı kəndində telefon və internet problemi yaşanır.
İKT
29 Mart , 2022 15:09
Cəlilabadın Ocaqlı kəndində sakinlər telefon və internet xəttinin çəkilməməsindən narazıdırlar

Cəlilabad rayonunun Ocaqlı kəndində telefon və internet problemi yaşanır.

Bu barədə kənd sakinləri "Report"un Muğan bürosuna məlumat veriblər.

Onların sözlərinə görə, 4 ildir ki, aidiyyəti qurumlara müraciət edilir. Qonşu kəndlərə xətt çəkilsə də, Ocaqlı kəndinə çəkilməyib: "Hər dəfə bir bəhanə deyirlər. Ya deyirlər material yoxdur, ya da deyirlər ki, xətt çəkiləcək".

Həmçinin kənd sakinləri qeyd edir ki, bu dövrdə internetin olması çox vacibdir: "Şagirdlərimiz onlayn dərslərdən normal istifadə edə bilmirlər. Telefon xəttimiz olsa, normal internetə qoşula bilərik".

Problemlə bağlı Aztelekom MMC-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Cəlilabad rayonunun Ocaqlı kəndində 200-dən yuxarı mənzil telefon və internet xidmətləri ilə təmin edilib:

"Ocaqlı kənd ərazisinin genişləndirilməsini nəzərə alaraq Aztelekom tərəfindən rabitə xidmətlərinə tələbatın ödənilməsi üçün artıq zəruri avadanlıqlar ayrılıb. Sözügedən ərazidə telekommunikasiya infrastrukturu tam inşa edildikdən sonra 3 ay ərzində sakinlərin telefon və internet xidmətləri ilə təminatı həyata keçiriləcək".

Son xəbərlər

Orphus sistemi