“CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsi keçirilib

“CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsi keçirilib Azərkosmos ASC və Azərbaycan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda növbəti dəfə tələbələr arasında “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsi keçirilib.
İKT
29 İyun , 2019 12:19
“CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsi keçirilib

"Azərkosmos" ASC və Azərbaycan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda növbəti dəfə tələbələr arasında “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsi keçirilib. 

"Azərkosmos"dan “Report”a verilən məlumata görə, bu ilin yanvar ayından etibarən elan edilən “Cansat Azərbaycan 2019” müsabiqəsində ölkənin 15 universitetindən 38 komanda qeydiyyatdan keçib.

Builki müsabiqədə region universitetlərindən olan Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti də iştirak edib. Komandalar əsasən mexanika və kompüter mühəndisliyi, aerodinamika, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və sair texniki ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət olub.

Bugünkü final mərhələsinə müsabiqənin "İlkin Hesabat Sənədi"-nin təqdim olunması, (PDR-Preliminary Design Review) və "Layihələndirmə" mərhələlərini uğurla bitirən 11 universitetdən 13 komanda vəsiqə qazanıb.

Finalçılar hazırladıqları 350 qramlıq model peykləri raketlərin daxilinə yerləşdirib. Hündürlüyü 120 santimetr, çəkisi 1000 qram və 100 Ns dartı qüvvəsinə malik olan daşıyıcı raketlər "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində yerləşən start məntəqəsində 300 metr yüksəkliyə qədər qaldırılıb. Səmaya buraxılan raketlərdən ayrılan peyk modelləri vasitəsilə yerüstü stansiyaya siqnal – telemetriya ötürülüb və ərazinin hündürlüyünü, temperaturunu və təzyiqini müəyyən etmək mümkün olub.

2 günlük final mərhələsinin növbəti günü – 29 iyun tarixində komandalar “Peyk modellərinin uçuş sonrası hesabatı”nın təqdim olunması mərhələsində yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qeyd edək ki, münsiflər heyətinin sədri Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şurasının elmi məsləhətçisi, fizika-riyaziyyat elmləri doktoru, akademik Roald Saqdeyevdir. Münsiflər heyətinin üzvləri Fransanın yüksək avionika, kiber təhlükəsizlik sahəsində xidmət göstərən “Thales" şirkətinin, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının Kosmik Texnologiyalar üzrə Araşdırma İnstitutunun (TÜBİTAK UZAY Enstitüsü), Təhsil Nazirliyinin və “Azərkosmos”un mütəxəssislərindən ibarətdir.

“CanSat Azərbaycan” müsabiqəsi müddətində iştirak edən tələbələr aerodinamika, elektronika, mexanika və kosmik sferanın digər mühəndislik sahələrində əldə etdikləri bilikləri birbaşa praktiki məsələlərin həllinə tətbiq etmək bacarıqlarını əldə ediblər.

Son xəbərlər

Orphus sistemi