Baş Prokurorluğun informasiya sistemləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus "AzInTelecom" MMC-nin Data Mərkəzinə ("Hökumət buludu") köçürülüb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq şirkətdən bildirilib.
Məlumata görə, artıq "Hökumət buludu"na 80-ə yaxın dövlət qurumunun inteqrasiyası baş tutub.
“Bildiyiniz kimi, “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” ölkə prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanına əsasən dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, büdcə təşkilatlarının, publik hüquqi şəxslərin (dövlət qurumlarının) dövlət informasiya sistemlərinin və ehtiyatlarının saxlanılması məqsədilə “Hökumət buludu”nun yaradılması, dövlət qurumları tərəfindən dövlət informasiya sistem və ehtiyatlarının miqrasiya edilməsi RİNN-ə tapşırılıb.
Nazirliyin “Hökumət buludu”nun (G-Cloud) operatoru funksiyalarından irəli gələn hüquq və vəzifələri, habelə nəzərdə tutulmuş tədbirlərin icrasını nazirliyin strukturuna daxil olmayan tabeli qurumu olan “AzInTelecom” həyata keçirir. Hazırda müəyyən edilmiş tariflər əsasında dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının mərhələli şəkildə şirkətin Data Mərkəzində yaradılmış infrastrukturunda yerləşdirilməsi prosesi davam etdirilir.
Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Keçid Planı”na uyğun olaraq 33 dövlət orqanı və 45 dövlət qurumu olmaqla, ümumilikdə 78 dövlət təşkilatı informasiya sistemləri və ehtiyatlarını tam və ya qismən “Hökumət buludu”na miqrasiya edib. Artıq Baş Prokurorluqla yanaşı Ədliyyə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Energetika Nazirliyi, Dövlət Reklam Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu, Gənclər Fondu və digər dövlət qurumları “Hökumət buludu”na miqrasiya çərçivəsində informasiya sistemlərini və ehtiyatlarını tam və ya qismən “AzInTelecom”a məxsus Bakı və Yevlax Data Mərkəzinə köçürüblər.
Miqrasiyanı tam və yaxud qismən tamamlamış, 78 dövlət qurumu arasında olan təsisatların miqrasiyası ilə bağlı qarşılıqlı razılaşma əsasında ictimaiyyətə məlumat verilir.
Prezident İlham Əliyevin fərmanının icrası istiqamətində hazırda da texniki və təşkilati işlər davam etdirilir. Keçid Planına əsasən dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na tam miqrasiyası planlaşdırılır.
Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, Bakı və Yevlaxda yerləşən, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən iki Data Mərkəzinə malikdir.
“AzInTelecom” Bakı və Yevlax Data mərkəzləri vasitəsilə fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması və informasiya sistemlərinin fasiləsiz fəaliyyəti (DRaaS) xidmətini təklif edir. Qurumların məlumatları nüsxələnərək hər iki Data Mərkəzində saxlanılır və fəlakətlər zamanı sistemlərin davamlı, fasiləsiz işləməsi təmin olunur”, - deyə məlumatda qeyd olunub.
Ötən həftə Baş Nazir Əli Əsədov Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, eləcə də Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin “Hökumət buludu”na keçməsi ilə bağlı əmr imzalayıb.