Bakıda mobil internetin sürəti 60 % artıb

İKT
  • 16 fevral, 2024
  • 09:22
Bakıda mobil internetin sürəti 60 % artıb

Bu ilin yanvar ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 181 ölkə arasında əvvəlki aya nisbətən 3 pillə geriləyərək 35,23 MB/S sürətlə 118-ci yerdə qərarlaşıb.

"Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstərici (26,25 MB/S) ilə müqayisədə 34 % artım deməkdir.

Sabit genişzolaqlı internetin sürətinə görə yanvarda birinci yeri Sinqapur (277,57 MB/S), axırıncı yeri isə Kuba (2,44 MB/S) tutub.

Azərbaycan mobil internetin sürətinə görə dekabra nisbətən yanvarda öz yerini qoruyaraq 46,88 MB/S sürətlə 144 ölkə arasında 59-cu olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (302,38 MB/S), sonuncu yeri isə Şərqi Timor (3,75 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən yerini qoruyaraq 196 şəhər arasında 37,22 MB/S sürətlə 136-cı yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Pekin (295,22 MB/S) başçılıq edib. Sonuncu pillədə Havana (2 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı mobil internetin sürətinə görə 56,07 MB/S sürətlə 4 pillə geriləyərək 164 şəhər arasında 77-ci yerdə qərarlaşıb. Bununla belə bir il əvvəlki göstərici ilə müqayisədə (35,08 MB/S) Bakıda mobil internetin sürəti 60 % artıb.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (346,45 MB/S), sonuncu yeri Kabil (5,23 MB/S) tutub.