Bakıda 21-ci Kosmik Nəsil Konqresi keçirilir

Bakıda 21-ci Kosmik Nəsil Konqresi keçirilir Bu gün Bakıda Kosmik Nəsil Məşvərət Şurasının 21-ci Kosmik Nəsil Konqresi öz işinə başlayıb.
İKT
28 Sentyabr , 2023 18:38
Bakıda 21-ci Kosmik Nəsil Konqresi keçirilir

Bu gün Bakıda Kosmik Nəsil Məşvərət Şurasının 21-ci Kosmik Nəsil Konqresi öz işinə başlayıb.

"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanda ilk dəfə keçirilən konqresdə 50 ölkəni təmsil edən 150-dən çox gənc iştirak edir.

Tədbirin keçirilməsində məqsəd gənclərin kosmik sənaye sahəsində çalışan qeyri-hökumət təşkilatları, kosmik araşdırmalar institutları və akademik dairələrlə ünsiyyətini intensivləşdirmək, onların bu sahədə bacarıqlarını artırmaqdır.

Tədbirin açılışında çıxış edən Kosmik Nəsil Məşvərət Şurasının icraçı direktoru Valentina Luçetti bildirib ki, kosmosun Yer üzündə tərəqqi və innovasiyanın stimullaşdırılmasında oynadığı əsas rolu vurğulamaq məqsədilə “Bəşəriyyəti ruhlandırmaq, birləşdirmək və dəstəkləmək üçün kosmik icma yaratmaq” mövzusu ətrafında müzakirələr aparırlar. Bununla, həmçinin qlobal problemlərin həllində, beynəlxalq əməkdaşlığın gücləndirilməsində və bütün dünyada sosial-iqtisadi inkişafın təşviqində kosmik texnologiyaların böyük potensialını nümayiş etdirməyə çalışırlar: “Tədbirimizin məqsədlərindən biri də bu sahədə karyeraya yeni başlayanlar üçün mentorluq imkanları və təcrübəli mütəxəssislərdən öyrənəcəkləri bir platforma yaratmaqdır”.

Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov açılış mərasimində qeyd edib ki, kosmos artıq böyük bir qüvvədir və kosmos sahəsində araşdırmalar, əməkdaşlıq bir çox ölkələrin, o cümlədən Azərbaycanın da maraqlarına cavab verir.

S.Əsədov bildirib ki, "Azərkosmos"un məqsədlərindən biri də kosmosda olan yeniliklər barədə yerli ictimaiyyəti və gənc nəsli məlumatlandırmaq, onları kosmik fəaliyyətlərində və tədqiqatlarda iştiraka həvəsləndirməkdir: “Bu konqresi keçirməklə məqsədlərimizə töhfə vermiş oluruq. Azərbaycan müstəqil ölkə kimi kosmik bazarın yeni qoşulanları arasında olsa da, bizim kosmik fəaliyyətimizin kökləri keçmişə gedib çıxır. Azərbaycan ilk dəfə 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. 50 ildən sonra – oktyabrın 2-6-da Azərbaycan yenidən qlobal kosmik auditoriyanı bir araya gətirən məkana çevriləcək. Məhz burada kosmik sənayenin inkişafının gücləndirilməsi, qlobal tendensiyalar, kosmos innovasiyaları sahəsində tərəfdaşlıq və əməkdaşlıq yollarını müzakirə etmək imkanı yaranacaq”.

Üç gün davam edəcək tədbirdə kosmos və kibertəhlükəsizlik, iqlim dəyişikliyi və kosmosun dayanıqlığı, gender bərabərliyi, kosmik sahədə əməkdaşlıq və digər mövzular ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

Tədbir 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçirilir.

Qeyd edək ki, 1999-cu ildə yaradılmış Kosmik Nəsil Məşvərət Şurası Azərbaycan daxil olmaqla 165 ölkədə fəaliyyət göstərir və 27 mindən çox üzvü ilə kosmik sahədə ən böyük təşkilatdır.

Son xəbərlər

Orphus sistemi