Gələn il oktyabrın 2-6-da Bakıda Beynəlxalq Astronavtika Federasiyası ilə birgə keçiriləcək Beynəlxalq Astronavtika Konqresi çərçivəsində "Call For Paper” adlı kosmik sahə üzrə elm müsabiqəsi, “Kosmik Liderlər Qrant Proqramı”, “Gənc Kosmik Liderlərin Tanınması Proqramı”, “Gənc Peşəkarlar Proqramı” , “IAF Tələbə Müsabiqəsi, “Malina Astronavtika Medalı və Napolitano Mükafatı” kimi böyük təşəbbüslər reallaşdırılacaq.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.
O, bu barədə tədbirə dair Azərbaycanın elm və təhsil müəssisələri ilə təşkil olunmuş görüşdə danışıb. Sədr Beynəlxalq Astronavtika Konqresinin ölkədə kosmik sənayenin inkişafına mühüm töhfə verəcəyini, o cümlədən Azərbaycana, həmçinin regionumuza kosmik ekosistemin qurulması və inkişafında aparıcı qüvvə kimi çıxış etmək imkanı qazandıracağını qeyd edib.
Onun sözlərinə görə, Konqresdə elm adamları kosmosun imkanlarına həsr olunmuş 180-dən çox texniki sessiyaya qatıla biləcək. S.Əsədov ali təhsil müəssisələrindən elm və tədqiqatla məşğul olan tələbələri, müəllim və professor heyətini, təqaüddə olan müəllim və tədqiqatçıları, orta məktəbdə çalışan müəllimlər, xüsusilə STEAM təhsil sahəsində fəaliyyət göstərən müəllimləri Beynəlxalq Astronavtika Konqresi çərçivəsində aktiv iştirak etməyə dəvət edib.
Daha sonra tədbirdə çıxış edən Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Dr. Kristian Faytinger Federasiyanın ölkələr arasında sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal əməkdaşlıq yaratdığını bildirib.
Hər il Federasiya, konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var.