“AzInTelecom” zərərdən mənfəətə keçib
- 05 dekabr, 2017
- 12:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 dekabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 67,574 mln. manat təşkil edib.
“Report” Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 25,3% çoxdur.
Hesabat dövründə “AzInTelecom”un cəmi kapitalı 3,6 dəfə artaraq 45,431 mln. manata çatıb, cəmi öhdəlikləri isə 46,4% azalaraq 22,143 mln. manata düşüb.
2016-cı ildə Şirkətin göstərdiyi xidmətlərdən gəliri 37,357 mln. manat (2015-ci ilə nisbətən 24,5% az), xidmətlərinin maya dəyəri 13,065 mln. manat (13,2% az), ümumi, inzibati və digər əməliyyat xərcləri 10,006 mln. manat (33,7% az), ticarət və digər debitor borcların dəyərsizləşməsi üzrə ehtiyatlara ayırmaları 2,183 mln. manat (82,5% az), digər əməliyyat gəlirləri 14,543 mln. manat (1% az), digər əməliyyat xərcləri isə 3,25 mln. manat (2,6% çox), maliyyə gəlirləri isə 502 min manat (5,3 dəfə çox) təşkil edib. Son nəticədə ötən il rabitə müəssisəsinin vergiöncəsi mənfəəti 23,898 mln. manat olub (əvvəlki il - 8,944 mln. manat zərər olub).
2016-cı ildə “AzInTelecom” mənfəət vergisi xərclərinə 8,641 mln. manat qənaət edib və ili 32,539 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2015-ci ildən 12,698 mln. manat xalis zərərlə çıxıb.
Xatırladaq ki, "AzInTelecom” 2015-ci ilin iyun ayında yaradılıb. Onun nizamnamə kapitalı 8 min manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində "İnfrastruktur Xidmət kimi" (IaaS) əsaslı xidmətlərdən ibarətdir.