“AzInTelecom”un Data Mərkəzi növbəti sertifikatını alıb

“AzInTelecom”un Data Mərkəzi növbəti sertifikatını alıb “AzInTelecom” MMC-nin Yevlaxda inşa olunan ehtiyat Data Mərkəzi ABŞ-ın “Uptime Institute” təşkilatının “Tier 3 Facility” sertifikatına layiq görülüb
İKT
5 Mart , 2021 12:02
“AzInTelecom”un Data Mərkəzi növbəti sertifikatını alıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyiniə məxsus “AzInTelecom” MMC-nin Yevlaxda inşa olunan ehtiyat Data Mərkəzi ABŞ-ın “Uptime Institute” təşkilatının “Tier 3 Facility” sertifikatına layiq görülüb.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, sertifikatın alınması üçün keçirilən texniki sınaqlar zamanı Data Mərkəzin bütün kritik infrastruktur avadanlıqları və sistemlərinin dayanıqlılığı “Uptime Institute” mütəxəssisləri tərəfindən mərhələli şəkildə test olunub.

Bakıda yerləşən əsas Data Mərkəzindən sonra Yevlaxda ehtiyat Data Mərkəzinin tikintisinin məqsədi müştəri məlumatlarının qorunması, etibarlı və keyfiyyətli bulud xidmətlərinin rezervli şəkildə təmin olunmasıdır. Mərkəz Dünya Bankının maliyyələşdirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində inşa olunub.

Ümumi tikinti sahəsi 1400 kv.m ərazini əhatə edən bu Data Mərkəzinin bütün kritik infrastruktur sistem və avadanlıqları “1+1” prinsipi ilə inşa edilib. İnfrastrukturu alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri, enerji mənbələrini təmin edən yüksək səviyyəli qoruma sistemlərindən ibarətdir.

Ehtiyat Data Mərkəzinin mobil tipli layihələndirilməsinin əsas üstünlüklərindən biri də daşına bilmə xüsusiyyətinə malik olmasıdır. Bu da fövqəladə hallar zamanı məlumatlar saxlanılan konteynerlərin fiziki olaraq tam təhlükəsiz şəkildə, daha etibarlı əraziyə daşınmasına imkan verir.

Yevlaxda inşa olunan konteyner tipli infrastruktur vasitəsilə Azərbaycanla bütün dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon danışıqlarını təmin edən İMS tipli stansiya sistemlərinin coğrafi rezervlənməsi də həyata keçirilir.

Xatırladaq ki, “AzInTelecom” Azərbaycan və Cənubi Qafqaz regionunda “Tier 3”, informasiya texnologiyaları xidmətləri üzrə idarəetmə sistemi standartı (ISO 20000), biznesin davamlılığı üzrə idarəetmə sistemi standartı (ISO 22301) və informasiya təhlükəsizliyi üzrə idarəetmə sistemi standartı (ISO 27001) sertifikatlarına malik ilk Data Mərkəzi əsasında “AZCLOUD” bulud xidmətləri göstərir.

Son xəbərlər

Orphus sistemi