Bakı. 8 fevral. REPORT.AZ/ Bu günədək tutumlarının 78%-nin satışı reallaşdırılmış “Azerspace-1” peykinin kommersiya fəaliyyətindən 50 mln. ABŞ dollarından çox vəsait əldə edilib. Dünya peyk xidmətləri bazarına daxil olduğu bu 4 il ərzində potensial müştərilərin cəlb edilməsi və peykin yerləşdiyi orbital mövqenin tanıdılması istiqamətində intensiv fəaliyyət həyata keçirilib. "Report" xəbər verir ki, bu, "Azərkosmos" ASC-nin “Azerspace-1” telekommunikasiya peykinin orbitə buraxılmasından 4 il ötməsinə dair yaydığı hesabatda yer alıb.
2014-cü ildə “Azərspace-1” peyki vasitəsilə ilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayı. Hazırda “Azerspace-1” peykində Azərbaycan, rus, Ukrayna, gürcü, türk dillərində ümumilikdə 30 televiziya və 17 radio kanalı yayımlanmaqdadır.
Cari il ərzində “Azərkosmos” və Gürcüstanın "The Georgian Public Broadcasting" (GPB) şirkəti arasında "Adjara TV", "2TV", "Maestro TV", "Saperavi TV", "Palitra TV", "Trialeti TV" kanallarının kommersiya yayımına dair müqavilələr imzalanıb.
Bununla yanaşı, “Azərkosmos” artıq Azərbaycan, Malayziya, Rusiya, Almaniya, Ukrayna, Misir, Gürcüstan, Birləşmiş Ərəb Əmirliyi, Türkiyə, Livan, Kamerun, Birləşmiş Krallıq, Qırğısıztan, Tacikistan, Estoniya, Belarus kimi ölkələrdən müxtəlif sektorlar üzrə TV və radio kanallar, teleradio yayım şirkətləri, data provayderləri, dövlət qurumları və digər telekommunikasiya şirkətlərindən olan müştərilərə yüksək keyfiyyətli peyk xidmətləri göstərir. Ümumilikdə, “Azerspace-1” peykinin göstərdiyi teleradio, data və telekommunikasiya xidmətləri vasitəsilə 19 ölkədən olan müştəri bazasının yaradılması 2014-cü ildən etibarən irəliyə atılan uğurlu addımlardan hesab olunur.
Xatırladaq ki, “Azerspace-1” telekommunikasiya peyki 8 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan region) yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunan və Fransanın “Arianespace” şirkəti tərəfindən öz yüksək etibarlılığı ilə seçilən “Ariane-5” daşıyıcı raket ilə orbitə buraxılan “Azerspace-1” peyki 19 fevral tarixində 46° Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çatdı. “Arianespace” şirkəti üçün “Azerspace-1” peykinin buraxılışı 2002-ci ildən etibarən həyata keçirilən 54-cü ardıcıl uğurlu buraxılış hesab olunur. “Azerspace-1” peyki “Orbital Sciences” korporasiyası tərəfindən hazırlanan və hazırda 20-dən çox fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi STAR-2 peyk platforması əsasında yığılıb. Ən azı 15 illik istismar müddəti nəzərdə tutulan “Azerspace-1” peykinin uğurlu buraxılışı vəorbitdə olduğu ötən dövr ərzində aparılan effektiv idarəetmə nəticəsində bu müddət 15 ildən 16,3 ilədək artırılıb.
“Azerspace-1” peyki 46° dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşərək Afrikanın ən ucqar nöqtəsindən Avropa, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunadək dünyanın 1/3 hissəsini əhatə etməklə, 50-dən artıq ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır.