Azərbaycanın "Azersky" peyki gün ərzində 6 milyon kvadrat kilometr ərazinin təsvirini verə bilir.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov deyib.
Onun sözlərinə görə, həmin təsvirlərin emalında süni intellektdən istifadə oluna bilər: "O təsvirlərin əllə emalı qeyri-mümkündür. Ancaq xüsusi məqsədlər üçün ayrılmış komanda onu yerinə yetirə bilər. Ona görə də həmin məlumatların emalı üçün süni zəkadan istifadə yolları var. O sahədə araşdırmalarımız davam edir. Düşünürük ki, bu, gələcəkdə artacaq".
"Azərkosmos" rəsmisi əlavə edib ki, dövlət qurumlarını peyk təsvirlərini analiz etməsi üçün "web CİS" sistemi yaradılıb: "Onlar onlayn coğrafi informasiya sistemləri vasitəsilə peyk görüntüləri üzərindən dinc məqsədlər üçün analizlər apara bilər. Bizim təqdim etdiyimiz təsvirlər ictimaiyyət üçün açıq deyil, amma məqsədimiz operativ qaydada fəaliyyətdir. Bilirsiniz ki, "Google map"dəki təsvirlərə 6 ay ya da 1 il öncəki təsvirlərdir. Amma bizdə belə təsvirlər operativ olaraq ötürülür. Həmin operativliyi təmin etmək üçün bildiyimiz rəqəmsal üsulları istifadə edirik".