“Azərpoçt” Avropa Poçt İttifaqına üzv qəbul olunub

“Azərpoçt” Avropa Poçt İttifaqına üzv qəbul olunub Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub.
İKT
19 Noyabr , 2020 10:55
“Azərpoçt” Avropa Poçt İttifaqına üzv qəbul olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub.

“Report”un Nazirliyə istinadən verdiyi məlumata görə, bu münasibətlə təşkil olunan onlayn iclasda şirkətin Baş direktoru Emin Əfəndiyev çıxış edib.

O, “Azərpoçt”un 80-ə yaxın ölkə ilə birbaşa mübadilə həyata keçirdiyini, fəaliyyət göstərdiyi müddətdə uğurlar əldə etdiyini, o cümlədən EMS sahəsində ardıcıl 9 dəfə Qızıl səviyyəli sertifikata layiq görüldüyünü iclas iştirakçılarının nəzərinə çatdırıb.

E.Əfəndiyev vurğulayıb ki, koronavirus (COVID-19) pandemiyası dövründə “Azərpoçt” beynəlxalq sahədə öz fəaliyyətini Ümumdünya Poçt İttifaqının, ölkə daxilində isə ÜPİ, eləcə də Azərbaycan hökumətinin tələb və tövsiyələrinə uyğun layiqincə yerinə yetirir.

Ölkə daxilində poçt mübadiləsinin yüksək səviyyədə təşkil olunmasından danışan Baş direktor Ermənistanın Azərbaycana təcavüzündən də söhbət açıb. O qeyd edib ki, düşmənin 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal etməsi nəticəsində “Azərpoçt” ölkə ərazisində tam poçt mübadiləsi həyata keçirə bilmirdi. Artıq rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı azad edib. Həmin ərazilərdə yaxın zamanda yeni poçt məntəqələri fəaliyyətə başlayacaq.

O, ötən dövr ərzində Avropa Poçt İttifaqının üzvü olmamasına baxmayaraq, “Azərpoçt”un bu qurumun bir çox toplantılarına dəvət alaraq onların işində müşahidəçi qismində aktiv iştirak etdiyini bildirib.

Sonda Avropa Poçt İttifaqının üzvü olan 53 ölkə arasında Azərbaycanın quruma üzv qəbul olunması üçün qapalı səsvermə keçirilib. Nəticədə şirkət üzvlüyə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi